×
A
A
A
Sazlamalar

Polis əməkdaşlarına müqavimət göstərməkdə təqsirləndirilən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

Bakı, 29 noyabr, AZƏRTAC
Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşlarına qarşı zor tətbiq olunması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.
Rayon prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaqla martın 30-da şəhər sakini Vüsal Səmədovun tanışları Abit İsmayılov və Əmrah Əhmədov ilə idarə etdikləri avtomobillə Yasamal rayonu ərazisində hərəkətdə olarkən rayon polis idarəsinin 26-cı polis bölməsinin əməkdaşları tərəfindən avtomobildə narkotik vasitələrin olması barədə əldə edilmiş əməliyyat məlumatı əsasında onlardan avtomobili saxlamaları tələb edildiyi müəyyən olunub. Həmçinin müəyyənləşdirilib ki, bu tələbə baxmayaraq, həmin şəxslər idarə etdikləri avtomobili polis əməkdaşlarının olduğu avtomobillərə çırparaq oradan qaçmağa cəhd edib və avtomobili xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşının üzərinə sürərək ona qarşı müqavimət göstəriblər.
Avtomobilə baxış keçirilərkən oradan külli miqdarda müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülüb.
Abit İsmayılov, Vüsal Səmədov və Əmrah Əhmədov Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barələrində məhkəmənin müvafiq qərarları ilə həbs və ev dustaqlığı qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hadisə 2021-11-29 18:03:00