×
A
A
A
Sazlamalar

Yücel Karauz: Azərbaycanın Qarabağ Zəfəri İqtisadi Əməkdaşlıq Təşkilatının da fəaliyyətini canlandırıb

Ankara, 29 noyabr, AZƏRTAC
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 gündə qazandığı rəşadətli Qələbə ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu və mövqelərini zirvələrə yüksəldib. Azərbaycan bu tarixi Qələbədən sonra istər ikitərəfli və üçtərəfli münasibətlərdə, istərsə də beynəlxalq platformalarda tamam fərqli münasibətlə qarşı-qarşıyadır. İndi tərəflər Azərbaycanın bütün sahələrdəki gücünü görür, yüksək dəyərləndirir və bununla hesablaşırlar.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz bildirib.
Azərbaycanın Qarabağ Zəfərinin noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərinə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısının böyük uğurla başa çatmasına birbaşa təsir göstərdiyini, eləcə də İƏT-in fəaliyyətini canlandıran amil olduğunu diqqətə çatdıran general Yücel Karauz deyib: “Prezident İlham Əliyev böyük müdrikliklə regionda tamamilə yeni əməkdaşlıq mühiti yaradıb. İndi hər kəs regiondakı sülh və inkişaf platformasına qatılmaqda və bundan bəhrələnməkdə maraqlıdır. Cəmi doqquz ay müddətində Füzuli Beynəlxalq Hava Limanı kimi strateji əhəmiyyətli obyekti tikdirməyi bacaran Azərbaycanın təqdim və təklif etdiyi bütün infrastruktur layihələr beynəlxalq əhəmiyyət daşıyır və cəlbedicidir. Bir neçə gün əvvəl Soçidə keçirilən üçtərəfli görüş və onun nəticələri də təsdiq edir ki, bütün tərəflər regionda yaranmış yeni vəziyyətlə hesablaşaraq qərarlarını ona uyğun vermək məcburiyyətindədirlər”.
General Yücel Karauz əminliklə bildirib ki, İƏT-in XV Zirvə Toplantısı çərçivəsində Azərbaycan, İran və Türkmənistan arasında imzalanan qaz sazişi Azərbaycan enerji strategiyasını daha da gücləndirəcək. Azərbaycan faktiki olaraq Xəzərin ətrafında birbaşa özünə bağlı olan dairəvi qaz kəməri yaradır.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Siyasət 2021-11-29 18:01:00