×
A
A
A
Sazlamalar

Xorvatiya portalında Azərbaycanın azad olunmuş ərazilərdə apardığı quruculuq işlərindən bəhs edən məqalə yerləşdirilib

Bakı, 29 noyabr, AZƏRTAC
Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda həyata keçirdiyi irimiqyaslı bərpa və quruculuq işləri Xorvatiyanın nüfuzlu mətbuat oqranlarının da diqqət mərkəzindədir. “Nəqliyyat, kənd təsərrüfatı və ağıllı şəhərlər sahəsində sürətli inkişaf” sərlöhvəli məqalə Xorvatiyanın “poslovni.hr” portalında həm çap, həm də elektron versiyada dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə nəqliyyat, kənd təsərrüfatı sahələrində gördüyü böyükhəcmli işlərdən və “ağıllı kənd” təcrübəsindən bəhs olunur.
Yazıda beynəlxalq miqyasda baş verən siyasi və iqtisadi kataklizmlərə rəğmən Azərbaycanın inkişaf yolu ilə irəlilədiyi vurğulanır. Əsas diqqət işğaldan azad olunmuş ərazilərdə şəhərlərin, kənd təsərrüfatının, eyni zamanda, nəqliyyat və turizmin konsolidasiyasına yönəlib.
Bildirilir ki, Qarabağ bölgəsində ilk beynəlxalq statuslu Füzuli Hava Limanı cəmi 8 aya inşa olunaraq istifadəyə verilib: “Bu, Azərbaycanın Qarabağ bölgəsində tikdiyi ilk hava limanıdır və dünyada Qarabağın giriş qapısı kimi fəaliyyət göstərəcək. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası bu hava limanını beynəlxalq hava limanları siyahısına daxil edib. Uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 60 metrdir və terminal bir saat ərzində 200 sərnişini qəbul etmək qabiliyyətinə malikdir. Bundan əlavə, hava limanında beynəlxalq mülki aviasiya, daşıma standartlarına uyğun avtomatlaşdırılmış sistemlər və idarəetmə qülləsi var. Füzuli Beynəlxalq Hava Limanına enən ilk xarici dövlət başçısı isə Türkiyə Prezidenti olub”.
Məqalədə, həmçinin yeni inşa olunan Zəfər yolu barədə də məlumat yer alıb. Bildirilir ki, Azərbaycanda ağıllı mühit və infrastrukturun müəyyənləşdirilməsində addımlar atılmaqdadır. Beynəlxalq standartlara cavab verən nəqliyyat və digər zəruri infrastrukturun qurulması yerli əhalinin rifahını yaxşılaşdırmaqla yanaşı, xarici investorların marağını da artırır: “İnvestorlar Zəngilan rayonunun Ağalı kəndinin yaxınlığında aqropark layihəsinə başlayıblar. Ağıllı kənd təsərrüfatı innovativ texnologiyalar, bərpa olunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmləri əsasında fəaliyyət göstərəcək. Park tam gücü ilə işlədikdən sonra 500-ə yaxın insan işlə təmin olunacaq.
Bundan əlavə, hazırda bir sıra şəhərlərin baş planının hazırlanması istiqamətində işlər aparılır. O cümlədən Şuşa, Ağdam, Füzuli və Cəbrayıl şəhərlərinin baş planları artıq Azərbaycan ictimaiyyətinə təqdim olunub. Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər şəhərlərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında da sərəncamlar imzalayıb. Bu baş planların hazırlanmasında nəzərə alınan əsas məsələ şəhər və qəsəbələrin yeni memarlıq görkəminin yaradılmasıdır. Hər bir şəhər və kənd özünəməxsusluğu, tarixi ənənələri ilə fərqlənməlidir. Üstəlik, bu prosesdə müasir təcrübədə istifadə olunan yanaşmalar tətbiq edilməkdədir”.
Məqalədə vurğulanır ki, şəhərsalma ilə yanaşı, ağıllı kəndlərin də inkişafı əsas prioritetdir. İntellektual texnologiyaların tətbiqi Xorvatiya şirkətləri üçün maraqlı ola bilər: “Şəhərlər kimi kəndlər də İntellektual Texnologiyalar layihəsinə əsasən yenidən qurulur. Bərpa prosesi mənzil, sənaye və sosial xidmətlər, “ağıllı kənd iqtisadiyyatı” və alternativ enerji sahələri üzrə aparılır. Bu, kifayət qədər zəngin təcrübəyə malik olan Xorvatiya şirkətləri üçün dağılmış ərazilərin bərpasına sərmayə qoymaq üçün yaxşı fürsətdir”.

Siyasət 2021-11-29 14:26:00