×
A
A
A
Sazlamalar

Nyu-Yorkda “omikron” ştamının yayılması təhlükəsi ilə bağlı fövqəladə rejim elan olunub, sərhədlər bağlanıb

Vaşinqton, 29 noyabr, AZƏRTAC
Noyabrın 29-dan ABŞ-ın Nyu-York ştatına Afrikanın bəzi ölkələrindən vətəndaşların gəlməsinə qadağan qoyulması qüvvəyə minir. Bu tədbir koronavirusun yeni “omikron” ştamının yayılması ilə bağlıdır. Məhz bu səbəbdən Afrikanın səkkiz ölkəsinin – Cənubi Afrika Respublikası, Botsvana, Zimbabve, Namibiya, Lesoto, Estavini, Mozambik və Malavinin vətəndaşları ABŞ sərhədini keçə bilməyəcəklər.
AZƏRTAC xəbər verir ki, COVID-19 virusunun yeni “delta” və “omikron” ştamları səbəbindən xəstəliyin artması ehtimalının qarşısını almaq məqsədilə Nyu-York qubernatoru Keti Hoçul ştatda fövqəladə vəziyyət elan edib. Fövqəladə vəziyyət barədə fərman dekabrın 3-də qüvvəyə minəcək. Bu qərar ştatda pandemiya ilə mübarizədə zəruri olan materialların əldə edilməsinə imkan yaradacaq, hospitalların daha çox pasiyent qəbulu üçün gücləndirilməsinə və potensial kadr çatışmazlığı probleminin həllinə kömək edəcək.
Koronavirusun yeni “omikron” ştamı Cənubi Afrika Respublikası ilə yanaşı Malavidə də aşkarlanıb. Noyabrın 27-də ştam Almaniya və Çexiyada da qeydə alınıb. İsraildə Malavidən gələn bir sərnişində “omikron” aşkar edilib. Honkonq və Belçikada da tək-tək hallar müşahidə edilib. Avropanın bəzi ölkələri bir sıra Afrika ölkələri ilə aviasiya reyslərinə məhdudiyyət qoyub, hətta bəziləri uçuşları dayandırıb.

AZƏRTAC-ın Vaşinqton bürosu

Dünya 2021-11-29 11:55:00