×
A
A
A
Sazlamalar

Fövqəladə Hallar Nazirliyi “Bakı Metropoliteni” QSC-də növbəti yanğın-taktiki təlim keçirib

Bakı, 29 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri metronun “20 Yanvar” stansiyasında növbəti yanğın-taktiki təlim keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin əsas mövzusu həmin stansiyanın ikinci vestibülünün kabel kollektorunda 380 Voltluq elektrik lövhəsində baş vermiş şərti yanğının “söndürülməsi” olub.
Əvvəlcə, şərti yanğın hadisəsi barədə səsucaldıcı vasitəsilə məlumat verilib. Məlumatdan dərhal sonra metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlanılıb və nazirliyin 112 - qaynar telefon xəttinə “məlumat verilib”.
Daha sonra nazirliyin müvafiq yanğınsöndürmə qüvvələri şərti yanğın hadisəsi baş vermiş ünvana gələrək “yanğını söndürüblər”.
Sonda təlimin nəticələri müzakirə olunub. FHN-in əməkdaşları tərəfindən metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı hərəkətlər, metropoliten ərazisində yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.

Hadisə 2021-11-29 11:20:00