×
A
A
A
Sazlamalar

Peşə Təhsili üzrə Dövlət Agentliyi əməkdaşlıq əlaqələrini genişləndirir

Bakı, 29 noyabr, AZƏRTAC

Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Azerconnect” arasında anlaşma memorandumu imzalanıb.
Bu barədə AZƏRTAC-a agentlikdən məlumat verilib. Bildirilib ki, memorandum çərçivəsində kadr ehtiyaclarının öyrənilməsi, razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığının təşkil edilməsi və tədris proqramlarının hazırlanması istiqamətində birgə əməkdaşlıq nəzərdə tutulur.
Əməkdaşlığa əsasən ön ofis-satış təmsilçisi, “IPTV” üzrə quraşdırma mütəxəssisi və əlaqə mərkəzi operatoru istiqamətləri üzrə qısamüddətli təlimlərə başlanılıb. Təlimlər ənənəvi və hibrid formatda (həm onlayn, həm də ənənəvi) sahə üzrə çalışan mütəxəssislər tərəfindən keçirilir.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev sözügedən əməkdaşlıqla bağlı qeyd edib ki, işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası strateji hədəflərdən biridir. Peşə məktəbləri əmək bazarının ehtiyaclarına uyğun kadrların hazırlanması istiqamətində işəgötürənlərlə müxtəlif səviyyələrdə əməkdaşlıq etməkdə hər zaman maraqlıdır. Bu istiqamətdə birgə əməkdaşlıq peşə təhsili müəssisələrinin real iş təcrübəsinə əsaslanan kadr hazırlığına dəstək göstərəcək.
“Azerconnect” şirkətinin baş direktoru Emil Məsimov vurğulayıb ki, İKT sahəsində çalışan ən böyük işəgötürənlərdən biri olaraq yerli əmək bazarının fərqli imkanlarının öyrənilməsi və şirkətə peşəkar işçi qüvvəsinin cəlb edilməsi daim diqqət mərkəzində saxlanılır: “Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə dövlət-özəl əməkdaşlığı formatında qurulan münasibətlərimiz peşə təhsilli vətəndaşlarımızın İKT sektorunda əmək fəaliyyətinə cəlb olunmasına, eləcə də yerli əmək bazarının potensialının daha da güclənməsinə töhfə verəcək”.

Elm və təhsil 2021-11-29 11:12:00