×
A
A
A
Sazlamalar

UNEC-də tədqiqat: Qlobal datalar Azərbaycanın təhlükəsiz inkişafına nə verə bilər?

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Qlobal datalar Azərbaycanın təhlükəsiz inkişafına nə verə bilər?” mövzusunda elmi-metodoloji seminar keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, seminarda İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun (İAETİ) direktoru, Əməkdar elm xadimi, professor Yadulla Həsənli qlobal dataların son dövrdə sürətlə inkişaf etdiyini, bilik iqtisadiyyatı və informasiya cəmiyyəti üçün təhlükəsiz inkişaf konsepsiyasının əhəmiyyətini vurğulayıb. O, təqdim edilən tədqiqatın bu sahədə ilk sırada olmasını diqqətə çatdıraraq, müxtəlif istiqamətlərdə araşdırmaların davam etdirilməsinin perspektivlərini vurğulayıb.
Sonra seminarın məruzəçisi, İAETİ-nin şöbə müdiri dosent Murad Bağırzadə müasir intellektual texnologiyaların imkanları və onların yaratdığı bir sıra təhdidləri nümunələrlə göstərib. Mövzunun obyektinin qlobal datalar olduğunu deyən məruzəçi, tədqiqatın yenilik təşkil edən aspektlərinə toxunub. Yeniliklərin böyük həcmli məlumatlarının emal texnologiyalarını, süni intellektə əsaslanan kodlaşdırmanı, transformasiya sistemlərini və onların praktiki tətbiqi olduğunu diqqətə çatdırıb. Məruzəçinin çıxışında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illik yolunun dünya medialarında əks etdirilməsi, 44 günlük Vətən müharibəsinin mühüm hadisələrinin qlobal xəbər datalarında işıqlandırılması, media trendlərinin inkişaf istiqamətləri və s. barədə məlumatlar yer alıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Hibrid formatda təşkil olunan seminarda UNEC-in professor-müəllim heyəti ilə yanaşı, Medianın İnkişafı Agentliyinin və Silahlı Qüvvələrin Hərbi Akademiyasının nümayəndələri də iştirak ediblər.

Texnologiya 2021-11-26 12:39:00