×
A
A
A
Sazlamalar

İsmayıllıda rayonun yaradılmasının 90 illiyi silsilə tədbirlərlə qeyd edilib

İsmayıllı, 25 noyabr, AZƏRTAC
1931-ci il noyabrın 24-də yaradılan İsmayıllı rayonunun 90 illiyi silsilə tədbirlərlə qeyd olunub. Tədbirlərdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ismayıllılar rayonun 90 illiyini noyabrın 1-də Prezident İlham Əliyevin bölgəyə növbəti səfərindən aldıqları xoş təəssüratla qarşılayıblar.
Pandemiya təhlükəsi ilə əlaqədar tətbiq olunan karantin rejimi qaydalarına uyğun olacaq rayonun yaradılmasının 90-cı ildönümünə həsr edilən silsilə tədbirlərin iştirakçıları öncə şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər. Rayon Mədəniyyət evində əvvəlcə İsmayıllı idmançılarının və İsmayıllı şəhər uşaq incəsənət məktəbi şagirdlərinin çıxışları olub. Sonra milli mətbəx nümunələrinin, kənd təsərrüfatı və sənaye məhsullarının, rəsm həvəskarlarının əl işlərinin sərgisinə baxış olub. Silsilə tədbirlər çərçivəsində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin İsmayıllıya səfərləri və rayonun keçdiyi inkişaf yolunu əks etdirən film nümayiş etdirilib. Tədbir Mədəniyyət Mərkəzinin və təhsil şöbəsinin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam etdirilib. İsmayıllının “Xarıbülbül” musiqi festivalında təmsil olunan Lahıc, İvanovka folklor qruplarının ifasında musiqi nömrələri dinlənilib. Sonda rayonun yaradılmasının 90 illiyi ilə əlaqədar İsmayıllının inkişafına verdikləri töhfələrə görə bir qrup şəxsə rayon icra hakimiyyətinin təşəkkürnaməsi verilib.

Regionlar 2021-11-25 23:50:00