×
A
A
A
Sazlamalar

Azərbaycanla Qırğızıstan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə edilib

Bişkek, 25 noyabr, AZƏRTAC

Qırğızıstan xarici işlər nazirinin birinci müavini Nuran Niyazaliyev Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilovla görüşüb.
AZƏRTAC xəbər verir ki, Nuran Niyazaliyev Lətif Qəndilovu təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Tərəflər noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü çərçivəsində Azərbaycan və Qırğızıstan prezidentlərinin ikitərəfli danışıqları zamanı əldə olunan razılaşmaların yerinə yetirilməsi, həmçinin ölkələr arasında prioritet istiqamətlərdə birgə layihələrin icra olunması məsələlərini müzakirə ediblər.
N.Niyazaliyev ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması, Qırğızıstan-Azərbaycan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının dördüncü iclasının keçirilməsi zəruriliyini vurğulayıb.
Görüşdə Qırğızıstanla Azərbaycan arasında ticarət-iqtisadi, elmi-texniki, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi, müqavilə-hüquq bazasının genişləndirilməsi məsələləri də diqqət mərkəzində olub.


Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Siyasət 2021-11-25 23:58:00