×
A
A
A
Sazlamalar

Tbilisidəki Azərbaycan məktəbinin şagirdlərinə ADA Universitetinin perspektivləri barədə məlumat verilib

Tbilisi, 25 noyabr, AZƏRTAC

ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin müəllimi Şəfəq Mehrəliyeva və Tələbə qəbulu şöbəsinin əməkdaşı Mahnur Abbasova Gürcüstanda səfərdədirlər.
AZƏRTAC xəbər verir ki, onlar noyabrın 25-də Gürcüstan Elm və Təhsil Nazirliyinin Tbilisi şəhərində yerləşən Mirzə Fətəli Axundzadə adına 73 nömrəli Azərbaycan ümumi məktəbində olublar.
Əvvəlcə məktəbin direktoru, Gürcüstanın “Şərəf” ordeni laureatı Salman Pirməmmədov məktəbin tarixindən, fəaliyyətə başladığı 120 ilə yaxın müddətdə qazandığı uğurlardan söhbət açıb.
Bildirilib ki, məktəb bir neçə il əvvəl Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub.
“Bu gün məktəbdə təhsil Azərbaycan dilində olsa da, şagirdlər gürcü dilini də həvəslə öyrənirlər. Hər il onlarla abituriyent Gürcüstanın müxtəlif universitetlərinə qəbul olunaraq tələbə adını qazanır. Hazırda bu məktəbi bitirmiş məzunlar dünyanın bir çox ölkəsində elm, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə çalışırlar”, - deyə S. Pirməmmədov əlavə edib.
Sonra ADA Universitetinin əməkdaşları Ş.Mehrəliyeva və M. Abbasova məktəbin yuxarı sinif şagirdləri ilə görüşüblər.
Məktəblilərə ADA Universitetinin yaranma tarixi, onun Azərbaycan təhsil mühitində tutduğu önəmli rolu və məzunlarının uğurları barədə ətraflı məlumat veriblər.
Bildirilib ki, 15 illik fəaliyyəti dövründə ADA Universiteti daim genişlənərək regionun qabaqcıl təhsil ocaqları sırasında yer alıb.
Şagirdlərin suallarını cavablandıran qonaqlar ADA-da 42 ölkəni təmsil edən xarici tələbənin təhsil aldığını qeyd edərək buradakı multikultural mühitdən bəhs ediblər. Məktəblilərə universitetin təqdim etdiyi 19 ixtisas üzrə təhsil proqramları və təqaüd imkanları barədə məlumat verilib.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Anar Rəsulov da iştirak edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Elm və təhsil 2021-11-25 19:32:00