×
A
A
A
Sazlamalar

UEFA Konfrans Liqası: “Qarabağ” və “Omoniya” komandalarının start heyətləri açıqlanıb

Bakı, 25 noyabr, AZƏRTAC
Noyabrın 25-də UEFA Konfrans Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində qarşılaşacaq Ağdamın “Qarabağ” və Kiprin “Omoniya” komandalarının start heyətləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda başlayacaq görüşü danimarkalı FIFA referisi Morten Krox idarə edəcək.
Ağdam təmsilçisinin heyətində Şahruddin Məhəmmədəliyev, Toral Bayramov, Kevin Medina, Maksim Medvedev, Abbas Hüseynov, Patrik Andrade, Qara Qarayev, Abdullah Zubir, Filip Ozobiç, Kadi Borqes və İbrahim Vadji meydana çıxacaqlar.
“Omoniya” klubunun ilk onbirliyində isə Fransis Uzoho, Paris Psaltis, Kiko, Erik Boteak, Mixal Dyuriş, Takis Zaxariu, Adam Lanq, Nikolas Panayotu, Haralambos Haralambus, Andronikos Kakulli və Andreas Asimenos yer alıblar.
Bu görüş pley-offa vəsiqəni təmin etmiş Ağdam klubu üçün qrup liderliyi baxımından önəmlidir. “Köhlən atlar” Nikosiya təmsilçisinə qalib gələcəyi halda, Qazaxıstanda “Kayrat” və İsveçrənin “Bazel” komandaları arasındakı matçın nəticəsindən asılı olaraq, qrupda birinci yeri rəsmiləşdirə bilər. Bunun üçün Almatı təmsilçisi evdə qonaqlara uduzmamalıdır.
Qeyd edək ki, UEFA Konfrans Liqasında qrup liderləri birbaşa səkkizdəbir finala yüksələcəklər. İkinci yeri tutan komandalar isə UEFA Avropa Liqasında qrupları üçüncü sırada başa vuran kollektivlərlə pley-off matçları oynayacaqlar.

İdman 2021-11-25 20:34:00