×
A
A
A
Sazlamalar

Azərbaycanın Ermənistana Zəngəzur dəhlizi ilə bağlı təklifi işğalçı ölkənin müstəqilliyinin “xilası” baxımından bəlkə də son variantdır

Bakı, 25 noyabr, AZƏRTAC
Ermənistanın baş naziri Nikol Paşinyanın son müsahibələrdə və çıxışlarda səsləndirdiyi ideyalar strateji məntiqə, iqtisadi düşüncəyə sığmır. N.Paşinyan 2020-ci il 10 noyabr tarixli üçtərəfli razılaşmaya istinad edərək sənəddə “dəhliz” termininin işlənməməsini əsas gətirib. Həmçinin Ermənistan ərazisi boyunca heç bir dəhlizin olmayacağını iddia edib. N.Paşinyana görə, dəhliz ifadəsi yalnız Laçına münasibətdə istifadə edilib. N.Paşinyanın dediklərinin əsassız olmasını isbatlamaq üçün Naxçıvan və Qarabağ regionlarını, o cümlədən Laçın və Zəngəzur ərazilərini müqayisəli təhlil formasında nəzərdən keçirmək lazımdır. Naxçıvan Azərbaycan Respublikasının ayrılmaz tərkib bir hissəsi olduğu halda, Qarabağ Ermənistan Respublikasına aid ərazi deyil. Belə şəraitdə qanunauyğun sual formalaşır: “Niyə Azərbaycan Ermənistana, ona aid olmayan, onunla hüquqi və siyasi bağlılığı olmayan Azərbaycan ərazisi hesab edilən Qarabağla əlaqə saxlaması üçün öz ərazisindən dəhliz təqdim etməlidir. Bunun əksinə olaraq Ermənistan isə Azərbaycana ona aid olan Naxçıvan ərazisi ilə əlaqə saxlaması üçün dəhliz verməməlidir? Əgər məsələ dəhliz və sadəcə, nəqliyyat-kommunikasiya əlaqələrindən gedirsə, Zəngəzur boyunca dəhlizin, Laçın ərazisindən isə, sadəcə, nəqliyyat marşrutunun açılması məntiqə uyğundur.
Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elşən Məcidov deyib.
Siyasi ekspert bildirib ki, digər tərəfdən, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Qarabağın Azərbaycana aid olması BMT Təhlükəsizlik Şurası qətnamələri, həmçinin ATƏT, Aİ, Avropa Şurası, NATO və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri sənədlər ilə təsdiqlənir. Ermənistan istisna olmaqla bütün dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü, eyni zamanda, Qarabağı ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tanıyır. Bu səbəbdən N.Paşinyanın 2020-ci il 10 noyabr Bəyanatına istinad etməsi hüquqi cəhətdən belə qüsurludur. Azərbaycanın istədiyi vaxtda Laçın dəhlizini bağlayaraq Ermənistanın Qarabağla əlaqə saxlamasını hüquqi cəhətdən kəsmək ixtiyarı vardır. Burada 10 noyabr razılaşmasına istinad etmək mənasızdır. Çünki bu cür addım atan Azərbaycan əlində bu üçtərəfli Bəyanatdan daha üstün olan qətnamə və bəyanatları rəhbər tuta bilər.
Ermənistanın Naxçıvanı “blokada” şəraitində saxlamaqla Azərbaycana Qarabağ məsələsində təzyiq göstərmək cəhdi siyasi və strateji cəhətdən əhəmiyyətsiz bir addımdır. Əvvəla, tarix göstərdi ki, nəqliyyat-kommunikasiya xətlərinin bağlı olmasından uduzan əsas tərəf məhz Ermənistan olmuşdur. 1994-cü ildə atəşkəs müqaviləsi imzalananda hər iki tərəf uzun sürən müharibədən zəifləmiş ölkələr idi. Lakin 30 ilə yaxın müddətdə 20 faiz ərazisinin işğal altında qalmasına rəğmən, öz iqtisadiyyatını dirçəldə və qüdrətli ordu yarada bilən yeganə tərəf Azərbaycan oldu. İkinci Qarabağ müharibəsinin yekunlarına dair isə Azərbaycan mütləq qalib, Ermənistan isə tam məğlub tərəf oldu. Belə şəraitdə nəqliyyat-kommunikasiya xətlərinin dondurulmuş vəziyyətdə saxlanılması yenə də, ilk növbədə, Ermənistana zərbə vurmuş olacaq. Artıq müharibədən məğlub yox, qalib çıxmış Azərbaycan, öz ərazi bütövlüyünü bərpa etmiş vəziyyətdə qüdrətini daha da artıracaq. Dünya siyasətində hər hansı əhəmiyyətli dəyişiklik və ya keyfiyyət metamorfozları baş verməsə, 30 ildən sonra Ermənistan daxili ziddiyyətlər və iqtisadi problemlər baxımından ya parçalana, ya da daha böyük dövlətin tərkibinə bir quberniya, muxtar vilayət kimi daxil ola bilər.
Elşən Məcidov vurğulayıb ki, Azərbaycanın N.Paşinyanın timsalında Ermənistana Zəngəzur dəhlizi ilə bağlı təklif etdiyi razılaşma onun müstəqilliyinin “xilası” baxımından yeganə və bəlkə də son variantdır.
Tarixi paradoks ondan ibarətdir ki, hazırda Ermənistanın müstəqilliyini xilas edə bilən və bunu milli maraqlarımız naminə etmək istəyən yeganə dövlət Azərbaycandır. Yalnız Azərbaycan öz milli maraqlarını güdən, heç bir kənar qüvvədən “tövsiyə” və “məsləhət” almadan müstəqil daxili və xarici siyasət aparan Ermənistan adlı bir qonşu arzulayır. Azərbaycandan savayı bütün digər qüvvələr Ermənistan dedikdə geosiyasi ambisiyaları reallaşdırmaq üçün münasib məkanda yerləşən bir ərazi görmüş olurlar.

Siyasət 2021-11-25 18:25:00