×
A
A
A
Sazlamalar

“Gələcəyə ümid” layihəsi təqdim olunub VİDEO

Bakı, 25 noyabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Təlimə Dəstək Mərkəzinin (TDM) təşkilatçılığı ilə “Gələcəyə ümid” layihəsinin təqdimat mərasimi keçirilib. Mərasimdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, təhsil nazirinin müşaviri Elnur Əliyev, Heydər Əliyev Fondunun şöbə müdiri Elvin Aslanov, BMT-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Sadiq Ağalarov, BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Uşaq Müdafiə Proqramının rəhbəri Vüqar Salmanov, Azərbaycan Dillər Universitetinin Bakı Amerika Mərkəzinin direktoru Şəhla Xudiyeva, ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Vəliyev, TƏBİB-in Davamlı tibbi inkişaf şöbəsinin müdiri Emil İsgəndərov, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai təhlükəsizlik idarəsinin baş inspektoru Kəmalə Ələkbərova, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Səhiyyə Nazirliyinin nümayəndələri, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, TDM-in əməkdaşları və şagirdlər iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva humanist dəyərlərin təbliği və gələcəyə inamla addımlayan gənclərin yetişdirilməsi missiyasını qarşısına məqsəd qoyan “Gələcəyə ümid” layihəsini cəmiyyətə sağlam gənclər qazandırmaq baxımından təqdirəlayiq təşəbbüs kimi qiymətləndirib. Bildirib ki, ölkəmizdə uşaq hüquqlarının qorunması, onların hərtərəfli diqqət və qayğı ilə əhatə olunması istər dövlətin, istərsə də cəmiyyətin başlıca məqsəd və vəzifələrindən biridir. Sağlam, savadlı və vətənpərvər nəsil yetişdirmək üçün bütün gücü ilə çalışan təhsili idarəetmə qurumları da həssas qruplardan olan uşaqların təlim-tərbiyəsi, onların cəmiyyət üçün faydalı şəxsiyyət kimi yetişdirilməsini qarşıya məqsəd qoyub.
Mərasimdə çıxış edən təhsil nazirinin müşaviri Elnur Əliyev şagirdlərin maarifləndirilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədilə həyata keçirilən layihənin uğurlu nəticələr əldə edəcəyinə əmin olduğunu deyib. Qeyd edib ki, yüksək intellektə sahib, bacarıqlı, müasir çağırışlara cavab verən gəncliyin yetişdirilməsi Təhsil Nazirliyinin prioritetləri sırasında əsas yerlərdən birini tutur. Bu baxımdan “Gələcəyə ümid” layihəsi mühüm əhəmiyyət kəsb edir.
Digər çıxış edənlər də layihəni uşaq və yeniyetmələrin sağlam, bilikli və hərtərəfli formalaşması yönündə atılmış uğurlu addım kimi dəyərləndiriblər. Bildiriblər ki, qloballaşma proseslərinin sürətli inkişafı, texnoloji nailiyyətlərin həyatımıza nüfuz etməsi gənc nəsildən daha çevik addımlar tələb edir. Dünya təhsil sisteminə inteqrasiya etməklə gələcək liderlər yetişdirməyi qarşısına məqsəd qoyan layihənin bu baxımdan səmərəli nəticələr verəcəyinə inandıqlarını söyləyiblər.
Qeyd edək ki, “Gələcəyə ümid” layihəsi BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərinin 8-ci sinif şagirdləri arasında bir akademik tədris ili üçün nəzərdə tutulur. Layihənin ideya müəllifləri TDM-nin ingilis dili üzrə metodisti Tünzalə Rzayeva, mərkəzin psixoloqu Əziz Kərimov və Azərbaycan Dillər Universitetinin müəllimi Ülviyyə Xəlilovadır.
Daha sonra mərasimdə “Gələcəyə ümid” layihəsindən bəhs edən videoçarx, paytaxtın 221 nömrəli tam orta məktəbinin şagirdi Fərrux Nizamovun ssenarisi əsasında hazırlanmış “Bir şagirdin hekayəsi” adlı səhnəcik və rəqs kompozisiyaları nümayiş etdirilib.

Elm və təhsil 2021-11-25 18:24:00

Video