×
A
A
A
Sazlamalar

“Azərbaycan bayrağı” ordenli qəhrəman şəhid əsgər Ülfət Babazadə VİDEO

Lənkəran, 25 noyabr, İsmayıl Cəfərli, AZƏRTAC

Qırx dörd gün davam edən və Zəfərlə başa çatan Vətən müharibəsində igidliyi və cəsarəti ilə seçilən qəhrəmanlarımızdan biri də “Azərbaycan bayrağı” ordenli şəhid Ülfət Babazadədir.
AZƏRTAC xəbər verir ki, Ülfət Qabil oğlu Babazadə 2000-ci il fevralın 8-də Lənkəranın Daştətük kəndində dünyaya gəlib. Orta məktəbi bitirib, müstəqil həyata qədəm qoyanda Ülfətin əsas amalı xalq, dövlət yolunda vicdanla çalışmaq olub. Ülfət 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başlayıb. Sonra Cəlilabaddakı hərbi hissədə Xüsusi Təyinatlı Qüvvələrin sırasında xidmət edib. 2020-ci il sentyabrın 27-də torpaqlarımızı azad etmək uğrunda Vətən müharibəsi başlayanda həvəslə cəbhəyə yollanıb, Kəlbəcər, Cəbrayıl, Füzuli və Şuşa rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib. Müharibədə odun-alovun içindən zəfərlə çıxan gənc igidimiz düşmənin çoxlu sayda texnika və canlı qüvvəsini məhv edib.
Şəhidin atası Qabil Babayev deyib: “Bizim üçün şərəfdir ki, oğlumuz Vətən uğrunda şəhid olub. Başımızı ucaldıb. Döyüş yoldaşları, komandirləri onun haqqında danışanda bizim üçün böyük fəxrdir. Ülfət qorxu nədir, bilməzdi”.
Qəhrəman oğul böyütdükləri ilə fəxr edən şəhid anası Mehri Babayeva isə bildirib ki, danışmaq nə qədər çətin olsa da, oğlunun torpaq uğrunda şəhidlik zirvəsinə yüksəlməsi ilə fəxr edir: “Müharibə vaxtı bizimlə hər danışanda, deyib-gülərdi. Elə bil müharibədə deyildi. Deyirdim, özünü qoru, ehtiyatlı ol. O isə, “mənə heç nə olmaz, siz özünüzdən muğayat olun deyərdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində torpaqlarımız düşməndən azad olundu”.
Ülfət noyabrın 8-də - müharibənin son günündə, Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamlarına əsasən Ülfət Babazadə ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, ”Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Regionlar 2021-11-25 18:13:00

Video