×
A
A
A
Sazlamalar

Akademik: NATO-nun dəstəyi ilə keçirilmiş konfrans institutun həyatında tarixi hadisə kimi yadda qalacaq

Bakı, 25 noyabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirilib.
İclasda NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramının dəstəyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu və Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin birgə təşkilatçılığı ilə “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda keçirilmiş beynəlxalq konfransın nəticələri ilə bağlı müzakirələr aparılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru akademik Rasim Əliquliyev çıxış edərək NATO-nun dəstəyi ilə keçirilmiş beynəlxalq konfransın institut həyatında böyük bir tarixi hadisə kimi yadda qalacağına inamını ifadə edib: “Konfransa hazırlaşmaq böyük vaxt, intellektual zəhmət və təşkilati dəstək tələb edirdi. Bu mühüm nailiyyət münasibətilə hər kəsi təbrik edir, tədbirin uğurla təşkil olunmasında əməyi və zəhməti olan hər bir əməkdaşa təşəkkürümü bildirirəm”.
Akademik bildirib ki, bu tədbir NATO kimi mühüm və nüfuzlu bir beynəlxalq təşkilatın Azərbaycan elmində gedən proseslərə münasibəti hesab oluna bilər: “Sevindirici məqamlardan biri də odur ki, institut belə bir nüfuzlu tədbiri uğurlu şəkildə keçirməklə beynəlxalq elm təşkilatları ilə əməkdaşlıq münasibətlərinin qurulması və birgə qrant layihələrin həyata keçirilməsinə dair böyük təcrübə qazanmış oldu”.
AMEA-nın vitse-prezidenti vurğulayıb ki, NATO-nun dəstəyi ilə keçirilmiş konfrans bu təşkilatın Azərbaycan dövlətinə göstərdiyi etimadın məntiqi nəticəsi olmaqla yanaşı, həm də institutda uzun illər ərzində kibertəhlükəsizliyin müxtəlif aspektləri ilə bağlı aparılan tədqiqatların kompleks olaraq qiymətləndirilməsidir.
Akademik nitqinin sonunda institutun NATO konfransında məruzə ilə çıxış etmiş əməkdaşlarına öz məqalələrini qısa müddət ərzində müvafiq tələblərə uyğunlaşdıraraq “NATO Series”də çap olunmaq üçün təqdim etməyi tapşırıb.

Elm və təhsil 2021-11-25 18:00:00