×
A
A
A
Sazlamalar

Tələbələr “Mərkəzi bankçılıq və milli pul nişanları” mövzusunda təlimdə iştirak ediblər

Naxçıvan, 25 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsi Naxçıvan Dövlət Universitetində “Mərkəzi bankçılıq və milli pul nişanları” mövzusunda təlim keçirib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev bank sektoru ilə keçirilən təlimin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, tələbələrin bu təlimlərdə iştirak etməsi onların nəzəri biliklərinin təcrübədə formalaşması üçün mühüm əhəmiyyətə malikdir.
Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev müxtəlif maarifləndirici vasitələrlə tələbələrin bank bilik və bacarıqlarının artırılması, həmçinin bank məhsul və xidmətləri ilə bağlı düzgün qərarların verilməsini dəstəkləmək məqsədi daşıyan təlimin işinə uğurlar arzulayıb.
Tədbirə onlayn qatılan Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev gələcəyin mütəxəssisləri olacaq tələbələrə tövsiyələrini çatdırıb. O, gənclərə texnoloji inkişafın incəliklərinə dərindən bələd olmağın və innovativ yenilikləri daim öyrənməyin əhəmiyyətini qeyd edib.
Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin İqtisadi təhlil və statistika şöbəsinin rəisi Azər Səfərov Mərkəzi Bankın inkişaf tarixi, məqsədi və funksiyalarından danışıb. Həmin şöbənin aparıcı mütəxəssisləri Qənbər Xudiyev “Pul və valyuta siyasəti”, Mərhəmət Bayramov isə “İnflyasiya anlayışı və onun hesablanması” mövzusunda çıxış ediblər.
“Milli pul nişanlarının dizayn və mühafizə fəlsəfəsi” mövzusunda çıxış edən şöbənin mütəxəssisi Pərviz Babayev pul nişanlarının dizayn fəlsəfəsi və 4 mühafizə elementləri barədə danışıb. Qeyd edib ki, Beynəlxalq Holoqram İstehsalçıları Assosiasiyası tərəfindən Böyük Britaniyada təşkil edilmiş beynəlxalq konfransda Azərbaycan Mərkəzi bankı tərəfindən tədavülə buraxılmış yeni 50 manatlıq pul nişanı “İlin mütərəqqi dizayna malik ən təhlükəsiz banknotu” nominasiyası üzrə qalib seçilərək xüsusi mükafata layiq görülüb.
Tələbələrin mövzularla bağlı sualları cavablandırılıb.
Sonda iştirakçılar arasında oyun əsaslı tədris platforması olan “Kahoot” sistemi vasitəsilə yarış keçirilib. “Qarabağ”, “Dəmir yumruq”, “Xudafərin”, Zəfər yolu”, “Xarıbülbül” olmaqla, 5 komandanın iştirak etdiyi bilik yarışında tələbələrə 20 sual ünvanlanıb. “Mərkəzi bankçılıq və pul nişanları” mövzusunda keçirilən yarışmada “Dəmir yumruq” komandası qalib olub. “Qarabağ” komandası II, “Xudafərin” komandası isə III yeri tutub. İlk üç yerin sahibinə “Zəfər yolu” kitabı, oxunması zəruri olan kitablar, sertifikatlar, Naxçıvanbank ASC, Beynəlxalq Bank ASC-nin və Azər-Türk Bank ASC-nin yerli filialları tərəfindən dəyərli hədiyyələr təqdim edilib.

Regionlar 2021-11-25 17:27:00