×
A
A
A
Sazlamalar

Yevlax sahibkarlarının qaz təchizatı ilə bağlı problemləri dinlənilib

Bakı, 25 noyabr, AZƏRTAC

“Azəriqaz” İB ölkədə sahibkarlığın inkişafına dəstək məqsədilə sahibkarlıq subyektləri ilə mütəmadi görüşlər keçirir. “Azəriqaz”ın “Açıq mikrofon” aksiyası istər vətəndaşlara, istərsə sahibkarlara qaz təchizatında yaranan problemlərin həlli istiqamətində yardımçı olur.
İB-dən AZƏRTAC-a bildirilib ki, bu dəfə səyyar qəbul otağı Yevlax sahibkarlarının ixtiyarında olub. Görüşdə “Azəriqaz” İB-nin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov, Birliyin digər məsul şəxsləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Yevlax Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri iştirak ediblər. Sahibkarlar aksiyanın imkanlarından istifadə edərək üzləşdikləri çətinliklərdən söz açıblar. Yevlax sahibkarları ilə yanaşı, ətraf kəndlərdən, habelə Ağcabədi rayonundan da vətəndaşlar səyyar qəbul otağı baş tutan ünvana gəliblər. Ünvanlanan suallarla bağlı yerindəcə izahatlar verilib və qeydiyyata götürülüb.
Məlumat üçün bildirək ki, bu gün baş tutan aksiya ümumilikdə 31-ci, sahibkarlarla isə sayca 10-cu görüşdür.

Regionlar 2021-11-25 17:22:00