×
A
A
A
Sazlamalar

AMADA-nın direktorunun layihəsi Avropa Şurası Nazirlər Komitəsinin gündəliyinə daxil edilib

Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycanın Milli Antidopinq Agentliyinin (AMADA) direktoru və Avropa Şurasında gender bərabərliyi üzrə məruzəçi Şəfəq Hüseynlinin müəllifi olduğu “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsi xüsusi əhəmiyyətli layihə kimi Avropa Şurası Nazirlər Komitəsi tərəfindən dəstəklənib.
AMADA-dan AZƏRTAC-a bildiriblər ki, bu, noyabrın 24-də Avropa Şurası Nazirlər Komitəsinin 1418-ci iclasında Ümumdünya Antidopinq Agentliyi üzrə xüsusi Avropa Komitəsinin (CAHAMA) 2022-2025-ci illər üzrə əsasnaməsinin təsdiq edilməsi zamanı qərarlaşdırılıb. Yeni əsasnaməyə əsasən, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan gender bərabərliyi üzrə ciddi addımlar atılmalıdır. Bunu nəzərə alaraq, Ş.Hüseynlinin artıq başladığı gender bərabərliyi üzrə layihəsi ayrıca olaraq bu istiqamətdə görüləcək işlər kimi Nazirlər Komitəsi tərəfindən təsdiq edilib.
Qeyd edək ki, Avropa Şurasının müxtəlif komitələrinin əsasnamələrində adətən onların missiyası, vəzifələri və fəaliyyət istiqamətləri əks etdirilir. Gender bərabərliyi Avropa Şurasının Baş katib Mariya Peyçinoviç-Buriçin elan etdiyi prioritet istiqamətlərindən biri olduğundan Ş.Hüseynlinin layihəsi diqqəti xüsusilə cəlb edib və CAHAMA-nın əsasnaməsində yeganə layihə kimi yer alıb.
Nazirlər Komitəsi Ş.Hüseynlinin “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsinin əhəmiyyətini və aktuallığını nəzərə alaraq belə bir qərar qəbul edib və layihənin icrası ilə bağlı xüsusi hesabatın hazırlanması tapşırılıb. Bununla bağlı hesabat 2022-ci ildə Ş.Hüseynli tərəfindən Nazirlər Komitəsinə təqdim ediləcək.
Ş.Hüseynlinin cari ilin mayında CAHAMA-nın 53-cü iclasında təqdim etdiyi “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsi dəstəklənərək Avropa Şurası ilə birgə icrasına qərar verilib. Bununla bağlı Avropa Şurasının İdman Konvensiyaları üzrə sədri və katibliyi tərəfindən Azərbaycana xüsusi təşəkkür ifadə olunub.
Layihənin məqsədi antidopinq təşkilatlarında və antidopinq üzrə dövlətlərarası qurumlarda gender balansı haqqında məlumatın toplanmasını, təsis sənədlərinin və daxili qaydaların təhlil edilməsi və yekun hesabatın və tövsiyələrin hazırlanmasıdır.
Xatırladaq ki, Ş.Hüseynli 2019-cu ilin oktyabrında Avropa Şurasının gender bərabərliyi üzrə məruzəçisi seçilib.

İdman 2021-11-25 17:05:00