×
A
A
A
Sazlamalar

Naxçıvanda xüsusi qayğıya ehtiyacı olan şəxslərin məşğulluğu təmin edilir

Naxçıvan, 25 noyabr, AZƏRTAC

Muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin, yaşı 18-dən az olanların və qadınların məşğulluqlarının təmin edilməsi istiqamətində qanunvericiliyin tələblərinin icrasına xüsusi həssaslıqla yanaşılır, bu sahədə mütəmadi maarifləndirmə işləri aparılır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə bu istiqamətdə növbəti təbir keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Canməmməd Canməmmədov bildirib ki, əhalinin məşğulluğunun, rifah halının yüksək səviyyədə təmin olunması muxtar respublikada sosial-iqtisadi inkişafın əsas istiqamətlərindən biridir. Ötən dövr ərzində, bu məqsədlə bir sıra Dövlət proqramları qəbul olunub və hazırda da bu proqramlar uğurla icra edilir.
Sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğunun təmin edilməsi və əmək hüquqlarının qorunması sahəsində görülən işlərdən danışan, bu sahədə mövcud qanunvericilik aktlarının əhəmiyyətindən bəhs edən Canməmməd Canməmmədov vurğulayıb ki, bəzən müvafiq kateqoriyadan olan şəxslərə qarşı əmək münasibətlərində nöqsanlara, o cümlədən onların işdən qanunsuz azad olunması, bəzi hallarda isə məzuniyyət müddətinin düzgün təyin olunmaması hallarına rast gəlinir. Nazir müavini hüquqi baxımdan “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu”nun bu məsələni tənzimlədiyini qeyd edib. Bildirib ki, neqativ halların qarşısının alınması məqsədilə muxtar respublikanın şəhər və rayonlarında maarifləndirici tədbirlər keçirilir və bu tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.
Sonra muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Elmin Fərəcov, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin direktoru Yasin Əliyev çıxış ediblər. Çıxışlar zamanı slaydlardan istifadə olunub və seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Seminarda muxtar respublikada fəaliyyət göstərən nazirlik, komitə, xidmət və agentliklərin müvafiq sahələr üzrə nümayəndələri iştirak edib.

 

 

 

Regionlar 2021-11-25 16:49:00