×
A
A
A
Sazlamalar

Ağsuda “Nizami və Xaqani XII əsrin tarixçiləri kimi” onlayn elmi seminar keçirilib

Ağsu, 25 noyabr, AZƏRTAC

Ağsuda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə “Nizami və Xaqani XII əsrin tarixçiləri kimi” mövzusunda onlayn elmi seminar keçirilib. Seminarda 50-dən çox dinləyici iştirak edib.
Onlayn seminarın moderatoru qoruğun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, məruzəçiləri isə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlova və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfzadə olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fariz Xəlilli Nizamişünas alimləri təqdim edib, onların bu sahədə gördükləri işlər haqqında məlumat verib. O, Nizami və Xaqaninin tarixi mövzulara çox müraciət etdiklərini, həm özlərindən əvvəlki hadisələrə, həm də öz dövrlərinin hadisələrinə münasibət bildirdiklərini qeyd edib. F.Xəlilli Nizami dövrü şəhərlərinin arxeoloji baxımdan öyrənilməsi ilə bağlı 1938-1940-cı illərdəki qazıntı hesabatlarının dağınıq halda müxtəlif fondlarda saxlandığını, bu elmi hesabatların olduğu kimi nəşrinin elmi ictimaiyyətə töhfə olacağını bildirib.
Sonra Təhminə Bədəlova Nizami Gəncəvinin “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “İsgəndərnamə” əsərlərində tarixi motivlər, süjetlər haqqında məlumat verib. Vurğulayıb ki, Nizami və Xaqani tarixi mövzularda əsərlər yazan dahi insanlardır. Nizami Gəncəvi əsərlərində istifadə etdiyi tarixi mənbələrin işıq ucunu verib və hazırda alimlərimiz bu əsərlərin təhlilindən həmin mənbələri aşkar edirlər. Məruzəçi, habelə Xaqaninin “Mədain xərabələri” və “Töhfətül-İraqeyn” əsərlərinin tarixi hadisələrin anlaşılması baxımından əhəmiyyətindən danışıb.
Əzizağa Nəcəfzadə isə məruzəsində Nizami Gəncəviyə daha çox mənbəşünas alim kimi yanaşdığını qeyd edib. Nizami Gəncəvinin nəinki dövrünün mənbələrinə, hətta daha əvvəlki dövrlərə aid xristian, yəhudi və pəhləvi mənbələrinin məlumatlarına da yer verdiyini bildirib.
Elmi seminarın iştirakçıları alimlərə Sultan Səncərin şəxsiyyəti, Şirinin kimliyi, o cümlədən Nizaminin humanist və demokratik ruhlu şair olması ilə bağlı suallar ünvanlayıb, dolğun cavablar alıblar.

Regionlar 2021-11-25 16:53:00