×
A
A
A
Sazlamalar

Batutçumuz Maqsud Maqsudov dünya yaş qrupları yarışlarında çıxışını uğurla təqdim edib

Bakı, 25 noyabr, AZƏRTAC

Azərbaycan təmsilçisi Maqsud Maqsudov Bakıda keçirilən batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarında çıxışını uğurla təqdim edib.
AZƏRTAC xəbər verir ki, 13-14 yaş kateqoriyasında batut gimnastikası yarışlarında mübarizə aparan təmsilçimiz ilk çıxışına görə 44,295, növbəti cəhdinə görə hakimlərdən 55,585 xal alıb. Hesabında 99,880 xal olan M.Maqsudov ümumi sıralamada hazırda ikinci pillədə qərarlaşıb.
Turnirdə 13-14 yaş qrupunda oğlanlar arasında batut gimnastikası üzrə final yarışları bu gün təşkil olunacaq.
Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı iştirak edir. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında mübarizə aparacaqlar. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.
Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

İdman 2021-11-25 14:50:00