×
A
A
A
Sazlamalar

“Sabaha bu gündən başla” layihəsinin iştirakçıları Gəncə Amerika Mərkəzində olublar

Gəncə, 25 noyabr, Elcan Məmmədov, AZƏRTAC

Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsinin qalibi olan “Sabaha bu gündən başla” layihəsinin iştirakçıları Gəncədə yerləşən Amerika Mərkəzində olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şagirdlərə mərkəzin fəaliyyəti haqda geniş məlumat verilib, burada keçirilən müxtəlif tədbirlərdən, layihələrdən, dərslərdən danışılıb. Bildirilib ki, bu mərkəz ingilis dilini təkmilləşdirmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və yaradıcılıq məkanında yüksək innovativ texnologiyalar layihələrində iştirak etmək imkanlarını yaradır. Mərkəz, həmçinin mühazirələr, danışıq klubları və bir sıra başqa fəaliyyətləri də təqdim edir.
26 saylı orta məktəb-liseydən ingilis dili müəllimi Nəzirə Qəmbərovanın rəhbəri olduğu “Sabaha bu gündən başla” layihəsinin iştirakçıları Gəncə Amerika Mərkəzində “Yer planetinin qorunması” mövzusunda dərs keçib, verilən tapşırıqları ingilis dilində yerinə yetirərək, təqdimatlar ediblər.

Regionlar 2021-11-25 14:50:00