×
A
A
A
Sazlamalar

İslam Mustafayev: Azərbaycanda alternativ enerjinin tətbiqi ilə sudan hidrogenin alınması perspektivli istiqamətlərdəndir

Bakı, 25 noyabr, AZƏRTAC

Qlobal iqlim dəyişikliklərinin təzahürləri bütün dünyada olduğu kimi, Azərbaycanda da özünü göstərməkdədir. Əsas səbəblərdən biri atmosferə karbon qazı, metan və s. kimi istilik effekti yaradan qazların atılmasıdır. Bu qazların əsas mənbəyi üzvi yanacaqların yandırılması vasitəsilə istilik enerjisi istehsal edilməsidir. Üzvi yanacaqların tərkibində olan karbon yanma prosesində CO₂-ə çevrilir və atmosferə atılır.
Hidrogen yanacağının yanması prosesində isə yalnız su alınır və atmosferə istilik effekti yaradan qazlar atılmır. Bu proses atom reaktorunun müxtəlif komponentlərindən istifadə etməklə həyata keçirilir. Bundan başqa, hidrogen yanacağının istiliktörətmə qabiliyyəti yüksəkdir, onun alınması və çevrilmə prosesləri kifayət qədər öyrənilib.
Hidrogenin alınmasının həm xammala, həm də tətbiq olunan texnologiyalara görə bir çox üsulları var. Lakin mükəmməl variant odur ki, üzvi yanacaq yandırılmadan sudan hidrogenin alınması alternativ enerjinin, o cümlədən atom enerjisinin tətbiqi ilə həyata keçirilsin. Bu zaman hidrogenin nə alınmasında, nə də istifadəsində atmosferə karbon emissiyaları baş vermir. Azərbaycanda da alternativ enerjinin tətbiqi ilə sudan hidrogenin alınması perspektivli istiqamət hesab oluna bilər.
AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu fikirləri Radiasiya Problemləri İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev bildirib. Onun sözlərinə görə, institutda hidrogen energetikası ilə bağlı tədqiqatlar 1980-ci illərdən etibarən çox intensiv surətdə aparılır. Burada əsasən Günəş və nüvə enerjisinə ilkin enerji mənbəyi kimi baxılır, hidrogenin mənbəyi kimi su, metan, neft emalının ağır fraksiyaları və s. istifadə olunması nəzərdə tutulur. Aparılan tədqiqatlarda səmərəliliyi 60-70 faizə çatan proseslərin parametrləri müəyyən edilib. Radiasiya heterogen proseslərdə ionlaşdırıcı enerjinin səmərəli istifadəsi proseslərin effektivliyini daha da artıra bilər. Nüvə enerjisinin radiasiya və istilik komponentlərinin istifadəsi ilə sudan hidrogenin alınması prosesi daha perspektivli görünür.
Alim bildirib ki, hazırda institutda mühüm islahatlar həyata keçirilir, həm tədqiqat mövzuları, həm də struktur vahidləri günün tələbi səviyyəsində yenidən nəzərdən keçirilir. Otuz il nəzarətsiz qalmış və artıq erməni işğalından azad olunmuş ərazilərimizdə infrastrukturun yenidən qurulması təhlükə amillərinin, o cümlədən radiasiya risklərinin aradan qaldırılmasını daha da zəruri edir. Bu səbəbdən işğaldan azad olunmuş ərazilərdə radiasiya təhlükəsizliyi məsələlərinin araşdırılması və Günəş/külək enerjisi potensialının qiymətləndilməsi, radiasiya texnologiyalarının kənd təsərrüfatında tətbiqi, azkarbonlu texnologiyaların işlənməsi və s. qarşıdakı illərdə institutun prioritet tədqiqat istiqamətləri olacaq.

Elm və təhsil 2021-11-25 14:31:00