×
A
A
A
Sazlamalar

Deputat: Kəlbəcərin azad olunması Azərbaycanın düşməndən hərbi və mənəvi cəhətlərdən qat-qat güclü olduğunu bir daha göstərdi

Bakı, 25 noyabr, AZƏRTAC

Ötən il sentyabrın 27-də Azərbaycan Ermənistanın növbəti təxribatlarına cavab olaraq əks-hücum əməliyyatına başladı. Əslində, müharibə heç bir halda sevinclə qarşılana bilməz. Lakin Azərbaycan xalqı bu hadisəyə tamamilə başqa reaksiya verdi. 30 ilə yaxın davam etmiş Vətən həsrəti, torpaqların işğalı bir çox ürəyi qubarlatmışdı, sanki bizi xəcalətli etmişdi. Xalqımız sanki Ali Baş Komandanın əmrinə müntəzir idi. Gənc nəslin humanizm dəyərləri çərçivəsində tərbiyə edilməsinə baxmayaraq, hamı bir nəfər kimi müharibəni gözləyirmiş. Səfərbərliyə sevindik, döyüşlərə könüllü getmək üçün ər oğullar növbəyə durdu. Müharibənin ilk günlərindən bir-birinin ardınca qələbə xəbərləri almağa alışdıq. Murovdağ, digər əhəmiyyətli zirvələr, Suqovuşan, Füzuli, Cəbrayıl, Qubadlı… Nəhayət 8 noyabr. Azərbaycan tarixində yeni və ən şanlı bir gün - Şuşa azad edildi. Bu xəbər düşmənin belini qırdı. 9 Noyabr - Bayraq Günü ikiqat bayrama çevrildi. Şuşanın azad edilmə sevinci bayrağımızı daha əziz, daha möhtəşəm etdi və hələ bu bayram sevincindən oyanmamış daha bir bayram xəbəri aldıq - Ermənistan kapitulyasiyaya imza atdı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva ifadə edib.
“Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etməlidir. Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi”, - deyən deputat qeyd edib ki, gözü doymayan düşmən son nəfəsinə kimi bu torpaqlardan qənimət aparmaq istəyirdi, 27 il özəlləşdirib yaşadıqları evlərimizin damı, daşı, meşələrimizin ağacları maşınlarına yükləndi. Yenə də gözləri doymadı. İmkanları olsaydı, havanı da yığıb daşıyardılar. Apara bilmədiklərini məhv edir, evləri yandırır, meşələrə od vurur, suları çirkləndirərək ekoloji fəlakət törədirdilər.
Bununla bir daha bütün dünyaya öz vəhşi mahiyyətlərini, XXI əsrdə misli görünməmiş vandalizm nümayiş etdirirdilər. Noyabrın 15-dək rayonu boşalda bilməyən Ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə Kəlbəcəri təhvil vermək üçün 10 gün əlavə möhlət verildi. Qeyri-qanuni yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla buranı tərk etdilər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün şərait yaratmışdı. Halbuki işğalçılar vaxtilə Kəlbəcər əhalisinə öz evlərindən qovulmaq üçün cəmi 10 saat vaxt vermişdilər, onda da yollarını bağlayaraq uşaq, qoca, qadın bilmədən bacardıqları qədər insanı qətlə yetirmişdilər. Bu addımı ilə Azərbaycan dövləti düşməndən hərbi və mənəvi cəhətdən qat-qat üstün olduğunu nümayiş etdirdi. Bu, Azərbaycanla Ermənistan arasındakı fərqin bariz nümunəsi, danılmaz faktdır.
İyirmi yeddi illik həsrətdən sonra 10 günün həsrətinə dözmək olardı. Ancaq bu on gün nə qədər ağır idi. Sanki hər dəqiqə bir günə çevrilmişdi. Bu günü də yaşadıq - noyabrın 25-də Kəlbəcər ölkəmizə təhvil verildi. Kəlbəcərin azad olunması BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin Azərbaycan dövləti tərəfindən icrasının təmin edilməsi deməkdir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi Zəfəri həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam kimi, Kəlbəcər də qan tökülmədən, şəhid verilmədən, hərbi əməliyyatlarsız, siyasi yolla işğaldan azad edildi, öz tarixi sahiblərinə geri qaytarıldı. Azərbaycan Ordusu çox çətin relyefə, sərt iqlimə malik Kəlbəcərə bir güllə atmadan daxil oldu.
“Təbii ki, vandalların təbiətimizə vurduqları itkiləri hesaba almasaq, Kəlbəcərin işğaldan insan itkisi vermədən azad edilməsi Ali Baş Komandanımızın müdrik rəhbərliyi ilə qəhrəman oğullarımızın şanlı hərbi Qələbəsi nəticəsində mümkün oldu. Artıq bu torpaqlar uğrunda qan tökmüş şəhidlərimizin, günahsız qurbanlarımızın, məzarları təhqir edilmiş babalarımızın ruhları rahat uyuyur”, - deyə deputat vurğulayıb.
Bu torpaqları bizə qaytaran, milli qürurumuzu ucaldan, bizi birliyimizə, gücümüzə inandıran Ali Baş Komandana, Azərbaycan Ordusuna, igid oğullarımıza eşq olsun!

 

Siyasət 2021-11-25 14:12:00