×
A
A
A
Sazlamalar

Bulud sistemlərinin analizi və sintezi problemləri araşdırılır

Bakı, 24 noyabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda şöbələrin 2021-ci il üzrə hesabat iclasları davam edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, növbəti onlayn iclasda institutun icraçı direktoru texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov rəhbərlik etdiyi şöbənin hesabatını təqdim edib. Alim aparılan elmi-tədqiqat işləri, keçirilmiş seminarlar, respublika və beynəlxalq səviyyəli konfranslarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin dərc olunması və s. görülmüş işlər haqqında məlumat verib. O, bulud sistemlərinin analizi və sintezi problemləri üzrə tədqiqatlar aparıldığını bildirib.
Şöbənin beynəlxalq elmi əməkdaşlığından söz açan məruzəçi Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT Assosiasiyası və Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzi ilə əlaqələrin, “Everest” və BOINC platformaları əsasında paylanmış hesablama sistemlərinin yaradılması istiqamətində birgə işlərin davam etdirildiyini bildirib. O, NATO ilə elmi əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində zəruri addımlar atıldığını qeyd edib.
R.Ələkbərov şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti barədə məlumatı da seminar iştirakçılarının diqqətinə çatdırıb.
Hesabat ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev şöbənin hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Akademik şöbənin əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsinin, aparılan tədqiqatların daha da dərinləşdirilməsinin, əldə olunmuş nəticələrin nüfuzlu elmi jurnallarda dərc olunmasının zəruriliyini vurğulayıb.

Texnologiya 2021-11-24 15:54:00