×
A
A
A
Sazlamalar

“SQL Proqramçı” istiqaməti üzrə qısamüddətli təlim təşkil ediləcək

Bakı, 19 noyabr, AZƏRTAC

Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “SQL Proqramçı” istiqaməti üzrə qısamüddətli təlim təşkil ediləcək.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, əsasən praktiki biliklərin verilməsinə yönələn təlim çərçivəsində iştirakçılar 2 ay yarım ərzində “SQL” dilində (Structured Query Language – əlaqəli verilənlər bazasının idarə sistemlərini idarə etmək üçün istifadə olunan sorğu dili) proqramlaşdırma, məlumat bazasının düzgün strukturlaşdırılması, sorğuların və funksiyaların tətbiqi, mürəkkəb məlumat modellərinin və hesabatların qurulmasını öyrənəcəklər. Həmçinin layihələrlə işləyərək müxtəlif bizneslər üçün data baza həlləri tapacaq və onları tətbiq edəcəklər.
Təlimə minimum orta ixtisas və ya ali təhsil səviyyəsini uğurla tamamlamış, ingilis və ya rus dilini ən azı texniki tapşırıqları həll edə biləcək səviyyədə bilən, kompüterdə işləmək təcrübəsi və proqramlaşdırmaya dair baza bilikləri olan şəxslər müraciət edə bilərlər. Təlimdə iştirak üçün elektron ərizə qəbulu dekabrın 15-dək davam edəcək.

Texnologiya 2021-11-19 19:11:00