×
A
A
A
Sazlamalar

Təhsil Nazirliyi: Bu ilin sonunadək 5 yarış və müsabiqənin keçirilməsi nəzərdə tutulur

Bakı, 15 noyabr, AZƏRTAC

Təhsil Nazirliyi tərəfindən noyabr-dekabr ayları ərzində təhsildə rəqəmsallaşdırma, proqramlaşdırma, robot texnikası, mühəndislik, startap layihələrin hazırlanması üzrə şagird və tələbələr üçün 5 fərqli yarış və müsabiqənin keçirilməsi nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Minecraft Global Challenge 2021” çərçivəsində III-XI sinif şagirdləri üçün təşkil olunan “Qarabağı birlikdə quraq!” müsabiqəsinin məqsədi şagirdlərdə alqoritmik, məntiqi və tənqidi düşüncə, proqramlaşdırma və kodlaşdırma bacarıqlarını formalaşdırmaqdır. Eyni zamanda, Qarabağın tarixi və bərpası məsələsinə diqqət çəkmək, Qarabağda aparılan quruculuq işlərini dünya və ölkə ictimaiyyətinə təqdim etməkdir. Yerli müsabiqədə uğur qazanan şagirdlər ölkəni beynəlxalq müsabiqədə təmsil edəcəklər.
Təhsil Nazirliyi və “Edumedia” şirkətinin təşkilatçılığı keçirilən “EdTech Startap” müsabiqəsi tələbələrin İKT və rəqəmsal təhsil sahələrinə olan marağının artırılması, təhsil sahəsində mövcud problemlər üzrə innovativ həll yollarının araşdırılması məqsədi daşıyır. Müsabiqədə Azərbaycanın bütün ali təhsil müəssisələri üzrə bakalavr, magistratura və doktorantura təhsili alan tələbələr komanda şəklində təhsil sahəsində mövcud olan bir problem seçib verilən müddət ərzində onun həllini təmin edən layihə üzərində işləyəcəklər.
Təhsil Nazirliyi və “Edumedia” şirkətinin birgə təşkilatçılığı ilə məktəblilər arasında keçirilən “First Lego League Azərbaycan” mühəndislik və robot texnologiyaları yarışı isə şagirdləri elm, texnologiya, fizika və riyaziyyat dünyası ilə tanış edən turnirdir. Şagirdlər bu turnirdə gələcəyin elm insanları və mühəndisləri üçün lazım olan tənqidi düşüncə, qeyri-standart üsullarla problemlərin həll olunması, bununla yanaşı, komanda şəklində işləmək kimi vacib bacarıqları inkişaf etdirirlər.
“Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsi isə Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq təhsil şirkəti tərəfindən “Kod Saatı” qlobal hərəkatı çərçivəsində V-IX sinif şagirdləri üçün təşkil olunur. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin proqramlaşdırma dilləri üzrə bacarıqlarını inkişaf etdirmək, yeni texnologiyalar üzrə öyrənilən biliklərin təcrübədə tətbiqi üçün şərait yaratmaqdır. Eyni zamanda, onların yüksək texnoloji ixtisaslara marağını artırmaqdır.
“PolyUp” Stenford Universitetinin professorları tərəfindən təsis olunan süni zəka üzərində işləyən onlayn platforma və riyazi 3D simulyasiya mühitidir. Təhsil Nazirliyi və “Edumedia” şirkətinin birgə təşkilatçılığı ilə “PolyUp” Azərbaycan müsabiqəsində şagirdlər platformada təşkil olunan müsabiqədə iştirak etməklə dayanıqlı enerji, süni zəka, kriptoqrafiya tətbiqlərində robot texnologiyaları, mühəndisliyi, riyaziyyatı və digər müxtəlif sahələri kəşf edəcək, eləcə də yaradıcılıq bacarıqlarını nümayiş etdirəcəklər.

Texnologiya 2021-11-15 17:41:00