×
A
A
A
Sazlamalar

Sabahdan “Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsinin birinci mərhələsi başlayır

Bakı, 15 noyabr, AZƏRTAC

Noyabrın 16-da “Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsinin birinci mərhələsinə başlanılacaq.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, üç mərhələdən ibarət müsabiqənin birinci mərhələsi 3 gün ərzində onlayn formatda keçiriləcək. Qeydiyyatdan keçmiş bütün şagirdlər “Rəqəmsal bacarıqlar” layihəsinin platformasında tapşırıqları həll edəcəklər.
Birinci mərhələnin tapşırıqlarını uğurla bitirən şagirdlər bir gün ərzində onlayn rejimdə keçiriləcək II mərhələyə buraxılacaq. Bu mərhələdə şagirdlərin proqramlaşdırma və alqoritmik düşüncə bacarıqlarını dəyərləndirmək üçün onlara müxtəlif tapşırıqlar veriləcək. Düzgün cavabların sayına və onların həllinə sərf olunan vaxta əsasən ən yüksək nəticə göstərən şagirdlər final mərhələsində iştirak hüququ qazanacaq.
Müsabiqənin final mərhələsinə uğurla keçən şagirdlər komandalara bölünəcək. Finalda onlar əyani formada münsiflər heyəti qarşısında proqramlaşdırma dilləri vasitəsilə yaradıcı layihələrlə işləmək bacarıqlarını nümayiş etdirəcək.
Sonda müsabiqənin qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Qeyd edək ki, “Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsi Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq təhsil şirkəti tərəfindən “Kod Saatı” qlobal hərəkatı çərçivəsində V-IX sinif şagirdləri üçün təşkil olunur. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin proqramlaşdırma dilləri üzrə bacarıqlarını inkişaf etdirmək, yeni texnologiyalar üzrə öyrənilən biliklərin təcrübədə tətbiqi üçün şərait yaratmaqdır. Eyni zamanda, onların yüksək texnoloji ixtisaslara marağını artırmaqdır.

Texnologiya 2021-11-15 15:26:00