×
A
A
A
Sazlamalar

Yaponiyanın “Youtube” kanalında Azərbaycanın Zəfər Günü ilə əlaqədar xüsusi veriliş yayımlanıb VİDEO

Tokio, 8 noyabr, AZƏRTAC

Yaponiyanın “Sərhədləri aşanlar 3.0” “YouTube” kanalında Azərbaycanın Zəfər Gününə həsr olunmuş xüsusi veriliş yayımlanıb.
AZƏRTAC xəbər verir ki, verilişin aparıcısı “Sərhədləri aşanlar 3.0” kanalının baş meneceri Kazuyasu İşida, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər və AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev ötən il sentyabrın 27-də başlanan və noyabrın 9-da möhtəşəm Qələbə ilə başa çatan Vətən müharibəsi haqqında məlumat veriblər. Münaqişənin tarixi, yaranma səbəbləri və gedişi ilə yapon izləyicilərə tanış edən iştirakçılar XIX əsrin əvvəllərində Rusiya ilə İran arasında baş verən müharibələrdən sonra ermənilərin məqsədli şəkildə tarixi Azərbaycan ərazilərinə köçürüldüyünü qeyd ediblər. Bildirilib ki, XX əsrin əvvəllərindən başlayaraq ermənilər yerli əhali olan azərbaycanlılara divan tutaraq onları doğma yurdlarından didərgin salıblar. Süni şəkildə Azərbaycanın Qarabağ regionunda ermənilərin sayca üstünlüyü yaradıldıqdan sonra bolşeviklər tərəfindən burada Dağlıq Qarabağ Muxtar Vilayəti elan olunub. XX əsrin 80-ci illərinin sonlarında Sovet İttifaqının zəifləməsindən istifadə edən ermənilər bu vilayətin Azərbaycandan qoparılaraq Ermənistan birləşdirilməsinə çalışıblar. Xarici havadarlarının dəstəyi ilə bu ərazini və ona bitişik yeddi rayonu işğal ediblər.
Münaqişəni sülh yolu ilə həll etməyə çalışan Azərbaycan rəhbərliyinin bu istiqamətdə səyləri Ermənistan rəhbərliyinin dekonstruktiv mövqeyi səbəbindən baş tutmayıb. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə baxmayaraq, Ermənistan işğal etdiyi əraziləri nəinki tərk etməyib, əksinə yeni torpaqlar tutmaq iddiasını irəli sürüb. 1994-cü ilin mayında əldə edilən atəşkəs rejimi barədə razılaşmaya baxmayaraq, daim təmas nöqtəsində təxribat törədərək dinc sakinlərin və hərbiçilərin həlak olmasına səbəb olub. 2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun növbəti təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında hücuma keçərək, işğal altında olan torpaqları 44 gün ərzində azad edib.
Vurğulanıb ki, bu möhtəşəm Zəfərin əldə olunmasında böyük nüfuza malik Lider, güclü iqtisadiyyat, ən müasir silahlarla təchiz edilmiş ordu və dünyada yaşayan azərbaycanlıların sıx birliyi mühüm rol oynayıb.
Bildirilib ki, Azərbaycan rəhbərliyi Ermənistan işğalından azad edilən ərazilərdə görünməmiş bərpa və quruculuq işlərinə başlayıb. Həmin torpaqlara həyatın yenidən qaytarılmasını nəzərdə tutan bu işlər böyük sürətlə davam etdirilir. Azərbaycan dost ölkələrin, o cümlədən Yaponiyanın şirkətləri ilə birlikdə burada “ağıllı” şəhər və kəndlərin salınmasına, “yaşıl enerji” zonalarının yaradılmasına başlayıb.
Verilişdə regionun ən güclü iqtisadiyyatına malik olan Azərbaycanın bu vəzifələrin də öhdəsindən layiqincə gələcəyinə, ata-baba yurdlarından didərgin düşmüş insanların tezliklə öz doğma evlərinə qayıdacaqlarına böyük inam ifadə olunub.
Veriliş boyunca Vətən müharibəsinin gedişinin, ermənilərin işğal etdikləri ərazilərdə törətdikləri vandalizmin, Azərbaycanın həmin torpaqları azad etməsindən sonra burada aparılan quruculuq işlərinin əks olunduğu fotolar nümayiş etdirilib.

Diaspor 2021-11-08 16:14:00

Video