×
A
A
A
Sazlamalar

Şagirdlər üçün mühəndislik və robot texnologiyaları yarışı keçiriləcək

Bakı, 3 noyabr, AZƏRTAC

Təhsil Nazirliyi və “Edumedia” şirkətinin birgə təşkilatçılığı ilə məktəblilər arasında “First Lego League Azərbaycan” (FLL) mühəndislik və robot texnologiyaları yarışı keçiriləcək.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, FLL şagirdləri elm, texnologiya, fizika və riyaziyyat dünyası ilə tanış edən turnirdir. Şagirdlər bu turnirdə gələcəyin elm insanları və mühəndisləri üçün lazım olan tənqidi düşüncə, qeyri-standart üsullarla problemlərin həll olunması, bununla yanaşı, komanda şəklində işləmək kimi vacib bacarıqları inkişaf etdirirlər.
Bu il keçirilən turnirin mövzusu “CITY SHAPER” adlanır. Turnirdə iştirak üçün 10-16 yaşlı şagirdlər komanda şəklində şəhərqurma üzrə tədqiqat aparmalı, “Lego Midstorms EV3” xüsusi dəstlərindən istifadə edərək mövzu üzrə elan edilmiş missiyaları həll etmək üçün robot yığmalı, onu proqramlaşdırmalı və yaradıcı yanaşma nümayiş etdirməlidirlər.
Yarışda iştirak etmiş bütün şagirdlər medal və sertifikatlar, müxtəlif kateqoriyalar üzrə qalib gələn komandalar isə kuboklarla təltif olunacaq.
Yarış haqqında daha ətraflı məlumat almaq və qeydiyyat üçün www.fllazerbaijan.org internet səhifəsinə müraciət etmək mümkündür.

Texnologiya 2021-11-03 15:12:00