×
A
A
A
Sazlamalar

Milli informasiya təhlükəsizliyinə olan sosial təhlükələrin aşkarlanması metodu işlənilir

Bakı, 2 noyabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında böyük elmi işçi Könül Daşdəmirovanın “Milli informasiya təhlükəsizliyinə olan sosial təhlükələrin aşkarlanması, analizi və qiymətləndirilməsi metodunun işlənməsi” mövzusunda dissertasiya işinin icra vəziyyəti müzakirə edilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Seminarda K.Daşdəmirova mövzunun aktuallığını önə çəkib. Qeyd edib ki, informasiya cəmiyyətinin əsası olan məlumat və biliklər dövlətin inkişafı üçün əsas strateji mənbəyə çevrilərək xüsusi bir status qazanır, fərdin və cəmiyyətin ümumi həyat tərzinə, qarşılıqlı münasibətlərin mahiyyətinə müsbət təsir göstərir. Digər tərəfdən, İKT-nin qlobal səviyyədə tətbiqi bir çox problemlərin kəskinləşməsinə gətirib çıxarır.
Sonra dissertasiya işinə dair elmi rəhbər – AMEA-nın vitse-prezidenti İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edib. Alim İKT-nin sürətlə inkişaf edərək, insan fəaliyyətinin bütün sahələrinə uğurla tətbiq edildiyi, elektron dövlətin, informasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə milli informasiya təhlükəsizliyinin təmin olunması məsələsinə də yeni baxışlar, yanaşmalar və metodologiyaların tələb edildiyini bildirib. Müvafiq istiqamətdə aparılan tədqiqatların daha da dərinləşdirilməsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib.

Texnologiya 2021-11-02 12:22:00