×
A
A
A
Sazlamalar

Aşqabadda “Türkmənistan Neft və Qaz - 2021” XXVI Beynəlxalq Konfransı keçirilir

Aşqabad, 27 oktyabr, AZƏRTAC

Aşqabadda Türkmənistanın müstəqilliyinin 30-cu ildönümünə həsr olunmuş XXVI Beynəlxalq "Türkmənistan Neft və Qaz-2021” konfransı keçirilir.
AZƏRTAC xəbər verir ki, Türkmənistanın dövlət qurumları ilə beynəlxalq neft-qaz şirkətləri arasında beynəlxalq tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək məqsədilə hər il keçirilən Konfrans bu il 140-dan çox iştirakçını bir araya toplayıb. Plenar iclasda Baş nazirin müavini Şahım Abdrahmanov Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun konfrans iştirakçılarına müraciətini oxuyub.
Asiya İnkişaf Bankının (AİB) Türkmənistan üzrə direktoru Çanq Çinq Yuun moderatorluq etdiyi plenar iclasda CNPC-nin prezidenti Hou Qijun, OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindonun və Avropa Enerji Xartiyası Katibliyinin baş katibi Urban Rusnakın onlayn çıxışları dinlənilib. Qlobal Qaz Mərkəzinin sədri Rene Bauzanın, Beynəlxalq Enerji Agentliyinin (IEA) baş enerji iqtisadçısı Tim Quldun, habelə BMT-nin Türkmənistandakı daimi əlaqələndiricisi Dmitri Şlapaçenkonun və “SOCAR Trading”in icraçı direktoru Məryəm Almaszadənin videomüraciətləri səsləndirilib.
OPEC-in baş katibi çıxışında bildirib ki, təşkilat Türkmənistanla qarşılıqlı maraq doğuran bir sıra məsələlər üzrə, ilk növbədə beynəlxalq neft bazarında davamlı sabitliyin təmin edilməsi sahəsində əlaqələri gücləndirməyə hazırdır.
"SOCAR Trading"in icraçı direktoru Məryəm Almaszadə videomüraciətində qeyd edib ki, Türkmənistan böyük neft-qaz ehtiyatlarına malikdir və bu resursların ixracı üçün infrastruktura əhəmiyyətli vəsait yatırmaqda davam edir. Bu baxımdan Azərbaycan və Türkmənistanı Avropa ilə birləşdirəcək Transxəzər qaz kəmərinin potensialını qiymətləndirmək çətin deyil.
“Türkmənistan Neft və Qaz-2021” XXVI Beynəlxalq Konfransı çərçivəsində bir sıra əməkdaşlıq sənədlərinin imzalanması planlaşdırılır.
Konfrans öz işini sabah davam etdirəcək.

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad

İqtisadiyyat 2021-10-27 20:12:00