×
A
A
A
Sazlamalar

Bakının Nərimanov rayonunda Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun xatirəsi anılıb

Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də Milli Məclis sədrinin müavini Adil Əliyev, deputatlar Hikmət Məmmədov, Rasim Musabəyov, Könül Nurullayeva və Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Nərimanov rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Vətən Müharibəsi Qəhrəmanı, şəhid baş leytenant Hümbətov Azad Arif oğlunun anım tədbirində iştirak ediblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mərasimdə çıxış edən Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib ki, 30 il ərzində Ermənistanın işğalı altında olan tarixi Azərbaycan torpaqları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən azad edilib. Ölkəmizin ərazi bütövlüyünün bərpası məqsədilə silaha sarılan qəhrəman övladlarımız 44 gün ərzində düşməni təslim olmağa məcbur ediblər. Bu müqəddəs missiyanı həyata keçirmək üçün şəhid Azad Hümbətov kimi oğullarımız ən ali nemət olan canlarını qurban veriblər. Şanlı tariximizin ən parlaq səhifəsi olan Vətən müharibəsində qazanılmış Qələbəyə görə Azərbaycan xalqı hər zaman qəhrəmanlarımıza minnətdar olacaq, şəhidlərimizin xatirəsi hər birimiz üçün əziz olaraq qalacaq.
Qeyd edək ki, şəhid Azad Arif oğlu Hümbətov Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə dövlətimizin başçısının sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Cəmiyyət 2021-10-27 19:46:00