×
A
A
A
Sazlamalar

“Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirmə tədbirlərinə start verilib

Bakı, 27 oktyabr, AZƏRTAC

Məlum olduğu kimi, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva tərəfindən 20 oktyabr - 20 noyabr tarixlərində ölkəmizdə ənənəvi “Uşaq hüquqları aylığı” elan edilib.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müvəkkil bununla bağlı müraciətində uşaq hüquqlarının təmini, təbliği və müdafiəsi ilə məşğul olan hər bir qurumu aylığa qoşulmağa dəvət edib, xüsusi karantin qaydalarına əməl etməklə uşaqlarla bağlı təşkil olunacaq bütün tədbirlərdə onların birbaşa iştirakını təmin etməyə çağırıb.
Bu aylıq çərçivəsində uşaq hüquqları üzrə maarifləndirmə işinin gücləndirilməsi, bu sahədə biliklərin daha da təkmilləşdirilməsi məqsədilə Ombudsman Aparatı tərəfindən tədbirlərə start verilib.
İlk tədbir Bakı şəhəri Sabunçu rayonunun bir qrup şagird və müəllim heyəti üçün onlayn formada təşkil edilib. Təlim zamanı Aparatın Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşları təqdimatla çıxış edərək, BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu, uşaqların istismardan və ayrı-seçkilikdən müdafiəsi, uşaqlara qarşı zorakılıqla mübarizə üsulları, məişət zorakılığı və erkən evliliyin fəsadları, uşaqların internet təhlükəsizliyi barədə şagirdlərə ətraflı məlumat veriblər. Bununla yanaşı, görüşdə uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində Ombudsman təsisatı tərəfindən görülən işlər, 916 nömrəli Çağrı Mərkəzi haqqında məlumat diqqətə çatdırılıb.
İnteraktiv formada keçirilən təlim zamanı uşaqlar xüsusi fəallıq göstərərək fikirlərini bölüşüblər. Onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Aylıq çərçivəsində hüquqi maarifləndirmə xarakterli təlimlərin Bakı şəhəri və ölkənin digər rayonlarında da davam etdirilməsi nəzərdə tutulub.

Cəmiyyət 2021-10-27 19:10:00