×
A
A
A
Sazlamalar

Beynəlxalq konfrans: Müstəqillik dövründə türk dövlətləri incəsənəti

Bakı, 27 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan “Müstəqillik dövründə türk dövlətləri incəsənəti” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransda çıxış edən AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli mövzunun aktuallığını vurğulayıb və bu istiqamətdə fundamental tədqiqatlara ehtiyac olduğunu bildirib. Qeyd edib ki, ortaq tarixi ənənələrə malik olan türk xalqları birgə fəaliyyəti genişləndirməlidir. Türk xalqları mədəniyyətinin yaranması və inteqrasiyası istiqamətində Azərbaycanın, Anadolu Türkiyəsinin və Orta Asiya ölkələrinin böyük xidməti var. Avrasiya məkanında məskunlaşan qədim türk xalqları dünya mədəniyyətinə böyük töhfələr verib. AMEA-nın türk dövlətləri akademiyaları ilə əlaqəsini vurğulayan akademik bu konfransı müstəqillik şəraitində türk dövlətlərinin ortaq fəaliyyətinin bəhrəsi kimi qiymətləndirib.
Sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü professor Ərtegin Salamzadə “MDB-nin türk ölkələrində atlı heykəlləri” mövzusunda məruzə edib. Alim bildirib ki, müstəqillik dövründə türk dövlətləri mədəniyyət, elm və incəsənət sahəsində böyük inkişaf yolu keçib. Qədim tarixə malik olan türk xalqları mədəniyyət və incəsənət sahəsində elmi ixtiraları, bədii əsərləri, musiqisi ilə diqqəti cəlb edib. Azərbaycan, Türkiyə, Orta Asiya dövlətləri arasında həm elmi, həm də bədii sənət sahəsində əlaqələr olub. Mədəniyyətin inteqrasiyası müstəqillik dövründə inkişaf edib. Ə.Salamzadə türk dövlətlərində ucaldılan atlı heykəllərin mövzu müxtəlifliyindən və son illərdə bu ölkələrdə ərsəyə gələn heykəllərdən bəhs edib. O, türk mədəniyyəti və incəsənətinin tədqiq olunmasının institutun prioritet məsələlərindən olduğunu qeyd edib.
Sonra tədbirin xarici təmsilçiləri, institutun əməkdaşları və digər yerli nümayəndələr mövzu üzrə fikirlərini bölüşüblər.

Elm və təhsil 2021-10-27 19:07:00