×
A
A
A
Sazlamalar

Deputat: Türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək

Bakı, 27 oktyabr, AZƏRTAC

Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, türk dünyasının iki lideri - Azərbaycan və Türkiyə prezidentləri Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoydular. Bütövlükdə bölgə, eyni zamanda, türkdilli ölkələr üçün strateji əhəmiyyət daşıyacaq bu təməlqoyma regionda yeni düzənin formalaşdığını bir daha təsdiq etdi. Dəhliz Zəngəzur bölgəsindən keçməklə Şərqi Zəngəzurun infrastrukturunu da özünə inteqrasiya etdirəcək. Bu baxımdan təməli qoyulan yeni avtomobil yolu Zəngəzur dəhlizinə inteqrasiya olunacağı üçün onun infrastruktur elementinə çevriləcək. Digər tərəfdən, son təməlqoyma mərasimi də göstərir ki, Zəngəzur dəhlizinin reallaşması sadəcə zaman məsələsidir. Dəhlizin yaxın illərdə istifadəyə verilməsi qaçılmazdır.
V.Bayramov deyib ki, Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq. Söhbət 1,1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Belə ki, Türkiyə 761,4 milyard dollar, Qazaxıstan 181,7 milyard dollar, Özbəkistan 57,9 miyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğızıstan 8,5 milyard dollar nominal ÜDM-ə malikdirlər. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək.
“Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda, Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına həmçinin maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək, xüsusən də “Şərq-Qərb” nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək”, - deyə deputat diqqətə çatdırıb.

 

Nəqliyyat 2021-10-27 19:01:00