×
A
A
A
Sazlamalar

ATƏT-in Cənub-Şərqi Avropada sahə missiyaları rəhbərlərinin regional toplantısı keçirilib

Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 26-27-də hibrid formatda ATƏT-in Cənub-Şərqi Avropada sahə missiyaları rəhbərlərinin regional toplantısı keçirilib.
Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, tədbirdə ATƏT Parlament Assambleyasındakı (ATƏT PA) Milli Məclisin nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev iştirak edib.
Tədbirə, həmçinin Serbiyanın xarici işlər naziri Nikola Selakoviç, ATƏT-in Baş katibi Helqa Şmidt, ATƏT-in Münaqişələrin qarşısının alınması Mərkəzinin direktoru Tuula Yuryelya, ATƏT-in Cənub-Şərqi Avropada sahə missiyaları rəhbərləri, region ölkələrinin ATƏT-dəki daimi nümayəndələri, eləcə də ATƏT-in digər institutlarının təmsilçiləri qatılıblar.
İkigünlük konfrans çərçivəsində COVID-19 pandemiyasının çoxtərəfli əməkdaşlığa yaratdığı əngəllər, Cənub-Şərqi Avropada sahə missiyaları fəaliyyətləri, qlobal və regional miqyasda terrorizmlə mübarizə, region ölkələrinin Avropa İttifaqına inteqrasiya məsələləri, eləcə də ATƏT Parlament Assambleyasının Helsinki prinsipləri mövzunda həyata keçirdiyi silsilə müzakirələr haqda fikir mübadiləsi aparılıb.
Konfransa ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi mandatı çərçivəsində qatılan Azay Quliyev tədbirdə çıxış edib. O, nitqində mandatına Cənub-Şərqi Avropada, xüsusən də Qərbi Balkanda barışığın və münasibətlərin bərpasının təşviq edilməsi məqsədilə cəmiyyətin bütün təbəqələri arasında, parlament səviyyəsində dialoqun dəstəklənməsi, həmçinin demokratik təsisatların transformasiyası və formalaşmasına töhfəsi, eləcə də regionda cərəyan edən əsas hadisələrlə bağlı Assambleyaya hesabat verilməsi, o cümlədən regiondakı məsələlərlə bağlı ATƏT və Parlament Assambleyasının müvafiq komitələrinin fəaliyyətinin koordinasiya edilməsi ilə bağlı məlumat verib.
Azay Quliyev regionda cərəyan edən gərginlikləri və cari durumun monitorinq edildiyini, yaxın gələcəkdə mandatı çərçivəsində ATƏT PA Prezidenti ilə birlikdə Türkiyəyə rəsmi səfərin həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. Həmçinin növbəti ay ərzində miqrantlarla bağlı durumun müzakirə edilməsi üçün Yunanıstana səfərinin həyata keçirilməsinin planlaşdırıldığını bildirib. Gələn il ərzində isə Serbiyada parlament, Bosniya və Herseqovinada isə ümumi seçkilərin ATƏT PA tərəfindən müşahidə edilməsinin gözlənildiyini söyləyib.

Siyasət 2021-10-27 18:56:00