×
A
A
A
Sazlamalar

Ukraynalı deputat: Rəsmi Bakı və Ankara Qarabağın siyasi və iqtisadi inkişafı ilə bağlı qətiyyət nümayiş etdirir

Kiyev, 27 oktyabr, AZƏRTAC
Azərbaycan və Türkiyə prezidentlərinin Füzuli Beynəlxalq Hava Limanının açılışında və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulmasında iştirakından danışanda, ilk növbədə, bunun böyük rəmzi məna daşıdığını demək olar. Azərbaycan və türk xalqlarının tarixi və mədəni birliyi var. Bakı və Ankara təbii müttəfiqdirlər. Deməli, belə görüşlər Azərbaycan və türk xalqları arasında dostluğun sarsılmazlığını bir daha göstərir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılış, həmçinin Zəngəzur dəhlizinin təməlqoyma mərasimlərində iştirakını şərh edərkən Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri, Ukrayna Ali Radasının deputatı Valeriy Kolyux deyib.
Onun sözlərinə görə, Füzuli Beynəlxalq Hava Limanının birgə açılışı və Zəngəzur dəhlizinin təməlinin qoyulması Şuşa Bəyannaməsinin bir sıra bəndlərinin faktiki olaraq həyata keçirilməsidir. Beləliklə, həm Bakı, həm də Ankara Qarabağın, eləcə də bütövlükdə Cənubi Qafqazın siyasi və iqtisadi inkişafı ilə bağlı mövqelərinin qətiyyətliliyini nümayiş etdirir.
“Xüsusi vurğulamaq istərdim ki, həm Azərbaycan, həm də Türkiyə Ukraynanın strateji tərəfdaşıdır. Ona görə də biz təkcə Qarabağın bərpasında Azərbaycanın uğurlarını yaxından izləməklə kifayətlənmir, həm də Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsini alqışlayırıq”, - deyə Valeriy Kolyux əlavə edib.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Siyasət 2021-10-27 18:47:00