×
A
A
A
Sazlamalar

Asiya İnfrastruktur İnvestisiya Bankı Türkiyəyə 100 milyon dollar vəsait ayırıb

Pekin, 27 oktyabr, AZƏRTAC
Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) direktorlar şurası Türkiyədə bərpa olunan enerji və enerji səmərəliliyi layihəsinin icrasına əlavə 100 milyon ABŞ dolları vəsait ayrılması barədə qərar qəbul edib.
AZƏRTAC bankın Pekindəki mənzil-qərargahına istinadla xəbər verir ki, vəsait layihəni maliyyələşdirən Türkiyə İnkişaf və İnvestisiya Bankına ayrılıb. Bununla da AİİB-in sözügedən layihə üçün ayırdığı vəsaitin ümumi məbləği 300 milyon dollara çatıb. Bank daha əvvəl dövlət zəmanəti ilə 2019-cu ilin noyabrında layihəyə 200 milyon dollar ayırmışdı.
Vəsait bərpa olunan enerji (külək, günəş və bioenerji) layihələrinin icrası üçün özəl sektora dəstək məqsədilə sərf olunacaq.
Bankın vitse-prezidenti Konstantin Limitovski deyib ki, sözügedən layihələr Türkiyənin karbon emissiyasının azaldılması hədəflərinə çatmağa kömək edəcək.
Qeyd edək ki, 2016-cı ilin yanvarında Azərbaycan da daxil olmaqla 57 təsisçi-üzv ölkə tərəfindən yaradılan bank 100 milyard ABŞ dolları nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələri maliyyələşdirir. Hazırda bankın təsdiqlənmiş üzvlərinin sayı 104-dür. Bank fəaliyyətə başladığı vaxtdan indiyədək Azərbaycan da daxil olmaqla, bir neçə ölkədə 147 layihəyə təxminən 29 milyard dollar kredit ayırıb. AİİB 2016-cı ilin dekabrında Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 600 milyon dollar kredit verib. Bank cari ilin iyulunda Azərbaycan hökumətinin pandemiya ilə mübarizəsini dəstəkləmək üçün 100 milyon dollar kredit ayırıb.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2021-10-27 18:34:00