×
A
A
A
Sazlamalar

Akademik Musiqili Teatrın kollektivi ilə görüş

Bakı, 27 oktyabr, AZƏRTAC
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, 8 Noyabr – Zəfər bayramı münasibətilə çoxsaylı kollektivin qarşısında duran mühüm vəzifələrdən, 44 günlük qələbə soraqlı döyüşlərin qəhrəmanları – ölməz şəhidlərimizin, qazilərimizin qəhrəmanlıq salnaməsindən, Müzəffər Ali Baş Komandanımızın tarixi şücaətindən sənət adamlarına ətraflı danışan nazir müavini “yenilməz xalqın qüdrətli də mədəniyyəti olmalıdır” fikrini önə gətirərək son vaxtlar Mədəniyyət Nazirliyinin gördüyü işlər barədə məlumat verib.
Elnur Əliyev ölkə Prezidentinin Sərəncamı ilə tarixə çevrilən “Nizami Gəncəvi İli”nin ölkəmizdə və onun hüdudlarından çox uzaqlarda belə qeyd olunmasının vətənimiz üçün nə qədər əhəmiyyətli bir hadisə olduğu barədə söhbət açıb. Teatr cameəsinin pandemiya dövründən sonrakı fəaliyyətinin nə qədər məsuliyyətli bir zamana gəlib çatdığını vurğulayan E.Əliyev iki ilə yaxın bir müddətdə teatrdan ayrı düşən tamaşaçıların yenidən teatrlara cəlb edilməsi, repertuar siyasətində tarixi Qələbəmizə həsr olunmuş əsərlərin, xalqı düşündürən, onları narahat edən, günümüz üçün aktual olan mövzuların daha geniş miqyasda yer alacağının vacibliyi barədə danışıb.
Tarixi qələbəmizdən bəhs edən əsərlərin istər ölkə daxilində, istərsə də xaricdə təqdim olunması məsələsi də müzakirə olunub. Görüşdə çıxış edən Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, Xalq artistiləri Afaq Bəşirqızı, Fatma Mahmudova, Əməkdar artist Əkbər Əlizadə müzakirə olunan məsələlər barədə öz fikirlərini bildiriblər.
Nazir müavini, eyni zamanda, teatrın xor, balet truppalarının, orkestr heyətinin, eləcə də aktyorların ifasında Zəfər Gününə həsr olunmuş rejissor Samir Qulamovun quruluşunda “Bir nəfəs qədər” tamaşasının məşqlərini izləyib, sənət adamları ilə ətraflı səmimi söhbətlər aparıb. Nazir müavini teatrın texniki - istehsalat sahəsi, ayrı-ayrı sexlərin fəaliyyəti ilə də tanış olub.

Mədəniyyət 2021-10-27 18:22:00