×
A
A
A
Sazlamalar

Bilal Ərdoğan: İnvestorlar Qarabağın turizm potensialının üzə çıxarılmasında vasitəçi olacaq

Bakı, 27 oktyabr, AZƏRTAC

Qarabağ zəfəri “bir millət, iki dövlət” anlayışının çox gözəl təzahürü oldu.
AZƏRTAC xəbər ki, bu sözləri Azərbaycan İnvestisiya və Mədəniyyət Samitində Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan deyib.
“Dünən Füzuli Beynəlxalq Hava Limanının açılışına qatıldıq, daha əvvəl isə Şuşaya səfər etmişdik. O əraziləri gəzənlər əyani olaraq görürlər ki, 30 il müddətində o torpaqlar istifadə olunmayıb və heç bir dövlətin iqtisadiyyatına töhfə verməyib. Bu torpaqların sahibinə qayıtması ilə hava limanlarının inşası, yol infrastrukturlarının qurulması, insanların orada məskunlaşması üçün bütün infrastrukturun yaradılması həqiqətən çox qiymətlidir”, - deyə Bilal Ərdoğan qeyd edib.
O bildirib ki, bu il, eyni zamanda, Nizami Gəncəvinin 880-ci ildönümüdür. Bu, bizə bir daha təkcə Şuşanın, Gəncənin, Qarabağın deyil, bütün Azərbaycanın mədəniyyət beşiyi kimi qiymətli olduğunu xatırladır. İşğaldan azad olunmuş ərazilərdə işlərə tarixi-mədəni yerlərin bərpası ilə başlanılması bu baxımdan çox dəyərlidir.
“Bölgənin turizm potensialının nə qədər yüksək olduğunu görürük. İnanıram ki, bu sammitə gələn investorlar Qarabağın turizm potensialının üzə çıxarılmasında, İslam dünyasının da əməkdaşlıq çərçivəsində çalışmasına vasitəçi olacaq. Qarabağ zəfəri sübut etdi ki, qardaş və dost ölkələrin bir-birlərinin yanında olması hər zaman müsbət nəticələr gətirməkdədir. Türkiyə-Azərbaycan arasındakı qarşılıqlı dəstəyin əhəmiyyətini gördük və ümid edirəm bu birlik bütün İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında istər iqtisadiyyat, istərsə də mədəniyyət baxımından daha uğurlu olacaq”, - deyə Dünya Etnoidman Konfederasiyasının sədri əlavə edib.

İqtisadiyyat 2021-10-27 18:05:00