×
A
A
A
Sazlamalar

Səməd Seyidov: Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı üçtərəfli əməkdaşlıq regionun digər ölkələri üçün cəlbedici və faydalıdır VİDEO

Ankara, 20 oktyabr, AZƏRTAC

Türkiyə Böyük Millət Məclisində (TBMM) Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin altıncı üçtərəfli görüşü səmərəli keçdi. Görüşdə ölkələrimiz arasındakı yüksək səviyyəli münasibətlərə və geniş əlaqələrə dair səmərəli müzakirələr apardıq. Sevindirici haldır ki, bu görüşdə Azərbaycanı ərazi bütövlüyünü bərpa edən ölkə kimi təmsil edirdik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı şanlı Qələbənin regionda sülh, sabitlik və inkişafın qorunması üçün yeni şərait yaratdığını xatırladan komitə sədri vurğulayıb ki, bu Zəfər təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil, eyni zamanda, beynəlxalq səviyyədə haqq və ədalətin bərqərar olmasıdır.
Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin yeddinci toplantısının 2022-ci ildə Azərbaycanda keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdıran Səməd Seyidov bildirib ki, üçtərəfli formatdakı əməkdaşlıq və onun nəticələri regionun digər ölkələri üçün cəlbedici və faydalıdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Siyasət 2021-10-20 14:12:00

Video