×
A
A
A
Sazlamalar

Mingəçevir Dövlət Universiteti minifutbol üzrə şəhər turnirinin qalibi olub

Bakı, 20 oktyabr, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələrindən ibarət komanda Mingəçevir şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən və Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan minifutbol üzrə ali və orta ixtisas məktəb tələbələri arasındakı turniri qalib başa vurub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, turnir MDU, Mingəçevir Turizm Kolleci, Mingəçevir Tibb Kolleci və Mingəçevir Peşə Məktəbinin tələbələrinin iştirakı ilə Mingəçevir şəhər stadionunda təşkil edilib.
Qaliblərin mükafatlandırılma mərasimində iştirak edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında və hərtərəfli inkişafında əvəzsiz rolunu vurğulayıb. O, dahi liderin zərgər dəqiqliyi ilə hesablanmış strateji siyasi xəttinin uğurla davam etdirilməsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və yenilməz Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti sayəsində tarixi Zəfərin qazanılması nəticəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunduğunu, suverenliyinin gücləndiyini, beynəlxalq mövqeyinin möhkəmləndiyini və sürətlə inkişaf etdiyini söyləyib.
İcra başçısı çıxışdan sonra qalib komandaların üzvlərinə diplom və kubokları təqdim edib, onlara uğurlar arzulayıb.
Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin şəhər və ətraf rayonlarda təşkil olunan müxtəlif formatlı tədbirlərə, o cümlədən idman yarışlarına cəlb edilməsinə xüsusi önəm verilir.

 

 

Regionlar 2021-10-20 14:03:00