×
A
A
A
Sazlamalar

Avstraliyada avtomobillə toqquşan qatar relsdən çıxıb

Tokio, 20 oktyabr, AZƏRTAC

Avstraliyada naməlum şəxsin qəsdən dəmir yolu xəttində saxladığı avtomobillə toqquşan qatar relsdən çıxıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Avstraliya KİV-i qəzanın baş verdiyi Yeni Cənubi Uels ştatının polis idarəsinə istinadla məlumat yayıb. Nəticədə Sidneydən təqribən 90 kilometr cənubda yerləşən Kembla-Qreync dəmir yolu keçidində relsdən çıxan qatarın bir vaqonu aşıb.
Polisin yaydığı xəbərə görə, qəza barədə məlumat yerli vaxtla saat 4:15 radələrində daxil olub. Nəticədə qatarın lokomotivi və dörd vaqon relsdən çıxıb, onlardan biri aşıb. Aşmış vaqondan 12 sərnişin təxliyə edilib. Ağır xəsarət almış maşinistin və iki sərnişinin xəstəxanaya yerləşdirildiyi bildirilir.
Müşahidə kameralarında əks olunan görüntülər nəticəsində hadisənin naməlum kişi tərəfindən qəsdən dəmir yolu xəttində saxlanmış avtomobil səbəbindən baş verdiyi məlum olub. Avtomobilin qəzadan bir neçə saat əvvəl yaxınlıqda yerləşən Flinders şəhərindən qaçırıldığı da aydınlaşdırılıb.
Hadisə yerini əhatəyə alan polislər hazırda onun baş verməsi səbəblərini araşdırırlar.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2021-10-20 13:54:00