×
A
A
A
Sazlamalar

Nazir müavini: Qarabağın beynəlxalq logistika dəhlizi imkanları Azərbaycanın inkişafına böyük təkan verəcək

Bakı, 20 oktyabr, AZƏRTAC

Qarabağın beynəlxalq logistika dəhlizi imkanları Azərbaycanın inkişafına böyük təkan verəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Rebuild Karabakh” sərgisinin açılış mərasimində iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, sosial-iqtisadi rifahın yaxşılaşdırılması, Qarabağın dirçəlişi bu gün qarşımızda duran ən mühüm vəzifələrdəndir. Bu baxımdan təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların əbədi məskunlaşması üçün xüsusi əhəmiyyət kəsb edir.
“Bunun üçün işğaldan azad edilmiş ərazilərdə layiqli yaşayış təmin edilməli, zəruri infrastruktur qurulmalı, rahat həyat tərzi olmalıdır. Bu prosesdə özəl təşəbbüslərin təşviq edilməsi, dövlət-özəl tərəfdaşlığının inkişafı vacib amillərdəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi strategiya və köklü islahatlar ölkəmizin iqtisadi qüdrətinin artmasına möhkəm zəmin yaradır. İşğaldan azad edilmiş ərazilərin reinteqrasiyası yerli və beynəlxalq logistika dəhlizi imkanları Azərbaycanın inkişafına böyük təkan verəcək”, - deyə nazir müavini bildirib.

İqtisadiyyat 2021-10-20 13:48:00