×
A
A
A
Sazlamalar

Şabran Xalq Teatrı “Xarıbülbül” tamaşasını təqdim edib VİDEO

Şabran, 20 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Oktyabrın 20-də Şabran Xalq Teatrı “Xarıbülbül” tamaşasını təqdim edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşa Vətən müharibəsində qazanılan Zəfərin ildönümü münasibətilə səhnələşdirilib. Tamaşanı izləyənlər arasında Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, şəhid ailələrinin üzvləri və qazilər də olub.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Aybəniz Əliyarın eyniadlı əsəri əsasında səhnələşdirilən tamaşanın rejissoru Cabir Əmrahovdur.
“Xarıbülbül” tamaşası Vətən müharibəsində qazanılan şanlı Qələbəni özündə əks etdirir. 45 dəqiqəlik səhnə əsərində müharibə vaxtı ön və arxa cəbhədə baş verənlər, eyni amal uğrunda Azərbaycan xalqının yumruq tək birləşməsi əks olunub.
Tamaşanın hazırlıqlarına Nazirlər Kabineti yanında Operativ Qərargahın teatrların fəaliyyətinin bərpa edilməsinə icazə verilməsi ilə bağlı qərarından sonra başlanılıb. Hazırlıqlara 20-yə yaxın aktyor və texniki heyət cəlb edilib.
Səhnə əsəri Zəfər günü ərəfəsində şimal bölgəsinin müxtəlif mədəniyyət mərkəzlərində tamaşaçılara təqdim olunacaq.

Regionlar 2021-10-20 13:49:00

Video