×
A
A
A
Sazlamalar

Sabirabadda qoşa cərgə üsulu ilə becərilən pambıq sahələrində məhsuldarlıq 40-50 sentnerə çatır FOTO VİDEO

Sabirabad, 20 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Sabirabadda qoşa cərgə üsulu ilə əkilən pambıq tarlalarından bol məhsul yığılır. Bu üsulla ikinci ildir ki, əkin aparılıb. Ötən ilə nisbətən bu il daha çox pambıq əkilib. Məhsuldarlıq isə ənənəvi əkin üsulundan nəzərəçarpacaq dərəcədə fərqlənir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Zəngənə kəndindən olan fermer Əfras Əsgərov ikinci ildir qoşa cərgə üsulu ilə pambıq becərir. Hətta ötən illə müqayisədə bu il daha çox sahədə, yəni 130 hektarda pambıq becərib. Sahələrdən yüksək məhsul topladığını söyləyir. Bu üsulun əlverişli olduğunu deyən Ə.Əsgərovun sözlərin görə, digər fermerlər də qoşa cərgə ilə pambıq becərib. Ümumilikdə, 200 hektardan çox qoşa cərgə əkin qaydası ilə pambıq əkilib. Təsərrüfat sahibi deyir ki, bu üsulla əkilən sahədə pambıq kolları və qoza sayı çox olduğu üçün kombaynların yığım aparması da asanlaşır, məhsuldarlıq 40-50 sentnerə bərabər olur. Növbəti əkin mövsümündə bu üsulla daha çox sahədə əkin aparılacaq.
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Heydər Yaqubov bildirib ki, hazırda rayon üzrə kütləvi yığım kampaniyası davam edir. “Ağ qızıl”ın itkisiz və optimal müddətdə toplanması üçün sahələrdə 40-dan çox kombayn işləyir. Tarlaların 80 faizində yığım aparılıb. Gün ərzində 500 ton pambıq tədarük olunur. Ümumilikdə rayon üzrə 9260 hektar sahədə pambıq becərilib və qarşıya qoyulan məqsəd hər hektar sahəyə 30-32 sentner məhsul toplamaqdır.
Cari ildə 2600-dən çox fermerlə müqavilə əsasında pambıq əkini aparılıb. Bu günə 18 min tondan çox pambıq tədarük edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur.

Kənd təsərrüfatı 2021-10-20 13:41:00

Video