×
A
A
A
Sazlamalar

Yoldaşlıq görüşlərinin qalibləri müəyyənləşib

Naxçıvan, 20 oktyabr, AZƏRTAC

Naxçıvan şəhərindəki 16 nömrəli tam orta məktəbin minifutbol meydançasında dostluq və idman əlaqələrinin gücləndirilməsi məqsədilə Naxçıvan Şəhər və Şərur Rayon Uşaq-Gənclər İdman məktəblərinin 10 və 11 yaşlılardan ibarət komandaları arasında minifutbol üzrə yoldaşlıq görüşü keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yoldaşlıq görüşünün keçirilməsində məqsəd uşaq futbolunun inkişafına töhfə vermək, oyunçuların ustalıq səviyyəsini yüksəltmək və bu növdə kütləviliyə nail olmaqdır. Yarış Naxçıvan Şəhər və Şərur Rayon Gənclər və İdman idarələri, Təhsil şöbələri və Uşaq-Gənclər İdman məktəbləri tərəfindən birgə təşkil edilib.
Görüşün yekununda 10 yaş qrupunda Şərur təmsilçiləri 2-0 hesablı qələbə qazanıblar. 11 yaşlıların oyununda isə şəhər komandası 4-1 hesablı qələbəyə sevinib.
Qaliblərə diplomlar təqdim olunub.

X X X

“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında Şərur Rayon və Naxçıvan Şəhər Uşaq-Gənclər İdman məktəblərinin kiçik yaşlı və yeniyetmə idmançıları arasında sərbəst güləş üzrə yoldaşlıq görüşü də keçirilib.
Şərur rayonunda təşkil olunan görüşdə 2 yaş qrupunda 32 çəki dərəcəsində 64 idmançı döşək üzərinə çıxıb. Görüşün yekununa əsasən, kiçikyaşlı yeniyetmələr arasında 17-5 hesabı ilə “Naxçıvan” komandası, yeniyetmələr arasında isə 7-3 hesabı ilə “Şərur” komandası qalib gəlib.
Sonda hər iki komandanın qalib və fərqlənən üzvləri diplomlarla mükafatlandırılıb.

Regionlar 2021-10-20 13:28:00