×
A
A
A
Sazlamalar

Həmişə xatırlanacaq və yaddaşlarda yaşayacaq mayor

Bakı, 20 oktyabr, AZƏRTAC

“Xatırla məni...”
Bu, onun ən çox sevdiyi nəğmə idi. Həmişə tək olanda, əhvalının yaxşı vaxtı öz-özünə bu mahnını zümzümə edərdi...
AZƏRTAC xəbər verir ki, mayor Nazim Hüseynovun atası Yaqub oğlu haqqında deyib: “Nazim təpədən dırnağa hərbçi idi. Hərbi xidmətə Gəncədə başlamışdı. 1997-ci ildə Pakistan İslam Hərbi Ali Komandirlər Məktəbinə göndərildi. Həmin ölkədə təhsil alan ilk azərbaycanlı idi, xüsusi təyinatlıların kursunu bitirmişdi. O, ömrünün 24 ilini hərbi xidmətə həsr etmiş, tabor komandirinin müavini vəzifəsinə qədər yüksəlmişdi. 18 dəfə ən müxtəlif ölkələrdə - ABŞ, Yunanıstan, İsveçrə, İtaliya, Litva, Avstraliya və başqa ölkələrdə keçirilən NATO təlimlərində iştirak etmişdi. Nümunəvi xidmətə görə III dərəcəli “Qüsursuz xidmətə görə” və Azərbaycan Silahlı Qüvvələrinin yubiley medalları ilə təltif olunmuşdu”.
İkinci Qarabağ müharibəsinin qəhrəmanlarından olan Nazim Hüseynov sentyabrın 27-də başlanılan haqq savaşında Füzuli, Xocavənd və Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Onun yaxından iştirakı ilə bir neçə erməni hərbçisi girov götürülüb. Oktyabrın 5-də isə şəhər saatlarında düşmənin yüksək rütbəli zabiti məhv edilib.
Mayor Nazim Hüseynovun son döyüşü oktyabrın 8-də Füzuli-Hadrut yolunun üstündə olub. Cəbhənin ən ön mövqeyində üç nəfər - o, bir zabit və bir əsgər olub. Döyüş yoldaşlarının dediyinə görə, ermənilər 12 tankla onları mühasirəyə alıblar. Bir əlində avtomat, bir əlində pulemyot ermənilərin tank və BMP-sinə qarşı döyüşüb. Qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq, onlar son nəfəslərinə qədər vuruşaraq mühasirəni yarıblar və 292 nəfərlik taborun mühasirədən çıxarılmasına nail olublar. Həmin döyüşdə başından ağır yara alaraq şəhidlik zirvəsinə yüksəlib.
Nazim Yaqub oğlu Hüseynov 1977-ci il oktyabrın 1-də İmişli rayonunun Bəhməntəpə qəsəbəsində anadan olmuşdu. Qəsəbədə tam orta məktəbi bitirdikdən sonra 1995-ci ildə hərbi xidmətə çağırılıb. O vaxtdan hərbi xidmətini davam etdirirdi. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı idi. 2018-ci ildə ehtiyata buraxılmışdı. Ötən il sentyabrın 27-də düşmənin təxribatlarına cavab olaraq, Ali Baş Komandanın əmri ilə Milli Ordunun əks-həmlə əməliyyatlarına başlaması onun yenidən hərbi xidmətə qayıtmasına səbəb olub.
“Son damla qanıma kimi döyüşməyə söz vermişəm. Bu yoldan dönəsi deyilik. Evə qələbə ilə dönməliyik”. Şəhid mayor Nazim Hüseynov öz doğmalarına göndərdiyi səsli mesajlardan birində belə deyib. Sözünün üstündə duraraq son nəfəsinə, son damla qanına kimi döyüşüb və onun ölməz ruhu İmişliyə qalib əsgər kimi qayıdıb.
Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
“Xatırla məni”... Öz ölümü ilə əbədiyyət ünvanı qazanan mayor Nazim Hüseynov çox sevdiyi və həmişə zümzümə etdiyi bu mahnıda deyildiyi kimi, həmişə xatırlanacaq və heç vaxt unudulmayacaq...

 

Sosial 2021-10-20 12:33:00