×
A
A
A
Sazlamalar

Ukraynalı deputatlar: Dünya erməni terroruna biganə qalmamalıdır

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Ukrayna Ali Radasının Azərbaycanla dostluq qrupunun üzvləri Diasporla İş üzrə Dövlət Komitəsində olublar.
AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan komitə sədrinin müavini Vaqif Seyidbəyov Azərbaycanda Müstəqilliyin Bərpası Günündə Ukrayna nümayəndə heyəti ilə görüşməkdən məmnunluğunu bildirib.
O, Komitənin fəaliyyət istiqamətləri barədə məlumat verib, dünya azərbaycanlılarının ümumi məqsəd və vahid azərbaycançılıq ideyası ətrafında sıx birləşdiyini, diasporun daha mütəşəkkil təşkilatlandığını və diaspor hərəkatının uğurla davam etdiyini vurğulayıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsinin ilk günündən Ukrayna dövləti və xalqının Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi yüksək dəyərləndirilib, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında diasporun xüsusi rolu olduğu qeyd edib. V.Seyidbəyov Ukraynada çoxlu sayda azərbaycanlının yaşadığını, diasporumuzun Ukrayna ilə Azərbaycan arasında körpü rolu oynadığını, həmvətənlərimizin yerli cəmiyyətə, bu ölkənin ictimai-siyasi həyatına inteqrasiyası prosesinin yüksək səviyyədə getdiyini, Ukraynada yaşayan azərbaycanlılarla bağlı Komitə tərəfindən müxtəlif layihələrin reallaşdırıldığını qeyd edib.
Səmimi görüşə görə minnətdarlığını bildirən Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədrləri Valeriy Kolyux, Vladimir Kreydenko və sədr müavini Lyudmila Marçenko 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik ediblər. İki dost ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin bir sıra müstəvilərdə uğurla davam etdiyini vurğulayan deputatlar Ukraynanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini bildiriblər. Ötən günlərdə Gəncə və Ağdama səfər etdiklərini deyən qonaqlar erməni terrorunun nəticələrindən dəhşətə gəldiklərini, dünyanın bu terrorlara biganə qalmamalı olduğunu söyləyiblər.
Görüşdə iştirak edən Ukrayna Azərbaycanlıları Radasının həmsədri Hikmət Cavadov Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin ölkələrimiz arasındakı münasibətlərin inkişafında mühüm rol oynadığını bildirib.
Qeyd edək ki, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupu üzvlərinin Azərbaycana səfəri Milli Məclisin və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilib.

Diaspor 2021-10-18 14:37:00